Jurnalistlərin müraciətinə xəbərdarlıqla cavab verildi
Bir qrup müstəqil jurnalist – Nurlan Cəfəri, Nurlan Qəhrəmanlı, Rafael Hüseynzadə və Əvəz Hafizli Bakı Şəhər Prokurorluğuna dəvət olunaraq xəbərdarlıq olunublar.
Bu barədə frelanser (freelancer) jurnalistlərin özləri məlumat veriblər.
Jurnalistlərin sözlərinə görə, onlar fevralın 11-də Mərkəzi Seçki Komissiyasının qarşısında aksiyaya görə xəbərdarlıq olunub.
“Bizə yazılı xəbərdarlıq ediblər, yazıblar ki, prokurorluq tərəfindən araşdırma aparılıb və müəyyən olunub ki, fevralın 11-də saat 19 radələrində bir qrup şəxs yerli icra hakimiyyət orqanları ilə razılaşdırılmamış və nəticə etibarilə nəqliyyat hərəkatının iflic olmasına, ətrafdakı insanların haqlı narazılığa səbəb olmuş, sahibkarlıq subyektlərin iş rejiminə, bütövlükdə ictimai-siyasi asayışın pozulmasına səbəb olmuş qanunsuz aksiyanın qarşısı alınarkən jurnalistlərin peşə fəaliyyətinə zidd olan qeyri-etik hərəkətlər müəyyən olunub, eləcə də polis əməkdaşların fəaliyyətinə qanunsuz müdaxilələrə yol verilib. Bizi bu hərəkətlərdə ittiham edirlər, lakin biz həmin saatda ümumiyyətlə orada olmamışıq, sonra gəlmişik. Biz, bitərəf jurnalistik və aksiyaya müdaxilə etmədən olan hadisələri çəkirik. Bizi polis əməkdaşları aksiyadan sonra “Semaşko” xəstəxanasının qarşısında təhqir edib, bizə qarşı fiziki təzyiq göstəriblər. Bunu araşdırmaqdansa, bizə xəbərdarlıq edirlər. Bəzi jurnalistlərin telefonları hələ də tapılmayıb. Bizə bu gün burada deyilib ki, biz video çəkirik və xaricə ermənipərəst qüvvələrə ötürürük. Bu uydurmadan başqa bir şey deyil. Biz bu xəbərdarlığa qol çəkmədik və qanunla araşdırmanı tələb edirik. Biz yenə də peşə fəaliyyətimizi davam etdirəcəyik,” – Əvəz Hafizli qeyd edib.
Məsələ ilə bağlı Bakı Şəhər Prokurorluqdan məlumat almaq mümkün olmayıb.
Onu da bildirək ki, fevralın 11-də Mərkəzi Seçki Komissiyasının qarşısında deputatlığa namizədlərin etiraz mitinqini işıqlandırarkən polis zorakılığına məruz qalan bir qrup jurnalist Baş Prokurorluğa müraciət etmişdi.
Onlar polis əməkdaşlarının zorakılıq əməllərindən şikayətlənib, belə ki, bəzi jurnalistlərə bədən xəsarəti yetirilib.
Müraciət edənlər jurnalistlərin qanuni fəaliyyətinə maneə törətdikləri üçün günühkarların cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edir.
Bundan öncə daha bir jurnalist, basta.info saytının redaktoru Mustafa Hacıbəyli döyülməsilə bağlı Binəqədi rayon Prokurorluğuna şikayətlə müraciət edib.
“Sərhədsiz Reportyorlar” təşkilatı bildirib ki, Hacıbəylidən başqa “Meydan” TV-nin reportyoru Sevinc Vaqifqızı da əl və üz nahiyəsindən ciddi xəsarət alıb. “Amerikanın Səsi”nin jurnalistləri Ülviyyə Quliyeva və Aygün Rəşidova, “Azadlıq” radiosunun müxbiri Aytən Məmmədova və müstəqil jurnalistlər Aynur Elgünəş və Aytac Tapdıq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onları şəhər ətrafına aparıb və gecə yarısına yaxın şossedən uzaqda sərbəst buraxıblar. Onların üç həmkarı, tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova da daxil olmaqla, onların ardınca taksidə gəliblər, ancaq onlar da saxlanılıb və döyülüb. (Amerikanın səsi)