“Kavasaki sindromu” COVID-19 ilə əlaqələndirildi
Fransada koronavirus epidemiyası ilə əlaqəsi ola biləcəyi düşünülən qorxulu uşaq xəstəliyi – “Kavasaki sindromu”nun yayılması qeydə alınıb.
Rakus.az xəbər verir ki, Fransanın paytaxtında xəstəxanaya bununla əlaqədar 17 uşaq yerləşdirilib. O da vurğulanır ki, sindrom daha çox mədə-bağırsaq problemləri olan Afrika mənşəli uşaqlarda müşahidə olunub.
Nyu-Yorkda təxminən 100 uşaqda “Kavasaki sindromu”na bənzər və koronavirusla əlaqəsi ola biləcəyi ehtimal olunan iltihabi xəstəlik müəyyən edilib. Qubernator Endryu Kuomo artıq üç nəfərin bu xəstəlikdən öldüyünü bildirib.
Onlardan biri 18 yaşlı gənc qız, digərləri isə yeddi və səkkiz yaşlarında olan oğlan uşaqları olub. Xəstəxanaya yerləşdirilərkən onlarda koronavirus simptomunun müəyyən edilmədiyi vurğulanıb.
Bundan başqa, ABŞ-ın Konnektikut ştatında daha üç uşaq iltihab sindromu simptomları ilə xəstəxanaya yerləşdirilib.