Kiçik Çillə gəldi – boz aya az qaldı - FOTO
Azərbaycan xalqı iki fəsli həmişə bayramla qarşılayır. Bunlardan biri qış, digəri isə yazdır. Məsələyə digər tərəfdən yanaşsaq görərik ki, xalqımız qışı xoş qarşıladığı kimi, təntənəli şəkildə də yola salır. Vaxtilə qış əyləncə, nağıl, aşıq məclisləri, qadınların toxuculuq işləri ilə də yadda qalardı. İnsanlar bütün yorğunluqlarını qış mövsümündə atardılar. Qış görüləcək işlərin az olması səbəbindən həm də bir istirahət və əyləncə mövsümü idi.
Ömrü azdır, qabağı yazdır
Rakus.az xəbər verir ki, AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibə verən AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov qış mövsümünün və kiçik çillənin folklorumuzda necə əks olunması barədə danışıb. O deyib ki, xalqımız qış dövrünü xalq təqviminə uyğun olaraq “çillə” adı ilə üç yerə bölüb. Böyük çillə 40 gün (21 dekabr-30 yanvar), kiçik çillə 20 gün (31 yanvar-19 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) olur. El arasında bu üç çilləni üç bacı, daha çox böyük və kiçik çillələrlə bağlı olaraq böyük və kiçik bacı adlandırırlar.
Rəvayətlərin birində deyilir: Gün gəlir böyük çillə ömrünü başa vurub geri qayıdanda kiçik çillə ilə qarşılaşır. Kiçik çillə böyük çillədən soruşur: “Nə etdin?”. Böyük çillə cavab verir: “Tayaları yarıladım, qovurma küpəsinin başını endirdim, qalaqları sökdürdüm”. Kiçik çillə deyir: “Sən nə edibsən ki? Mən gedib unluqları, ot tayalarını yox edəcəyəm, qalaqları yandırıb göyə sovuracağam, gəlinlərin əlini xəmir təknəsində donduracağam”. Böyük çillə deyir: “Heç nə edə bilməyəcəksən, çünki ömrün azdır, qabağın yazdır”.
Təhvil-təslim dövrü
Asəf Orucov qeyd edib ki, xalq arasında iki çillənin bir-birini əvəz etməsi “təhvil-təslim dövrü” adlanır. Ordubad və Culfa bölgələrində əhali qışın ən qorxulu dövrünü “cahar-cahar” adlandırır. Bu da dörd gün böyük çillədən, dörd gün isə kiçik çillədən götürülməsi anlamındadır. Xalq meteorologiyasına görə, böyük çillənin son, kiçik çillənin isə ilk dörd günü qışın ən sərt günləridir. Culfa bölgəsindən topladığımız etnoqrafik çöl materiallarına görə, bu bölgədə böyük çillə qurtarıb, yerini kiçik çilləyə verdiyi dövrdə (“cahar-cahar” adlanan dövr nəzərdə tutulur) “Çillə kəsdi” oyunu və ya şənliyi keçirilərmiş. Oyun zamanı qardan heyvan fiqurları düzəldib, onun ətrafına yığışar, şənlik edərdilər. Məqsəd qışdan qorxmamaq, qışa sinə gərməkdir.
“Kiçik qardaş” xovlu olar
Etnoqrafların fikrincə, insanlar bir müsibət, bəla ilə üzləşdikdə ondan xilas olmaq, yaxa qurtarmaq üçün xüsusi ayin icra edərdilər ki, bu da “çillə kəsmək” adlanırdı. Kiçik çillə daha çox şaxtalı keçdiyinə görə bu müddətə “qışın oğlan çağı” da deyilir. Kiçik çillənin şaxtalı, boranlı olmasını “kiçik çillənin soyuğu, təndirə qatar toyuğu” və ya “kiçik qardaş xovlu olar” kimi el deyimlərində də görürük. Deyilənə görə, kiçik çillə daxil olduğu kimi, çıxanda da havada bir dəyişiklik yaradır. Ona görə də deyilir:
Kiçik çillə,
Boyu bir belə,
Hikkəsi iri belə…
Gəlişi oldu hayınan
Gedişi oldu vayınan.
Səddə bayramı
Müxtəlif mənbələrə əsaslanaraq demək olar ki, Novruz bayramından əlli gün qabaq, böyük çillənin axırı odla əlaqəli olaraq Səddə bayramı keçirilirdi. Bunu Nizami Gəncəvinin “İsgəndərnamə” poemasında da görürük. Asəf Orucov bu barədə danışaraq bildirib ki, etnoqrafik çöl materiallarına görə, xalq təqviminə uyğun olaraq böyük çillənin sonlarına “qurdun insana yerikləyən dövrü” də deyilirdi. Bu da onunla əlaqəlidir ki, ilin bu dövründə qurd (canavar) ac qaldığı üçün insanlara da hücum edir.
“Saya gəzmə” mərasimi nədir?
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirinin sözlərinə görə, Ordubadda böyük çillə ilə kiçik çillənin arasındakı “təhvil-təslim dövrü”ndə və ya böyük çillə qurtarıb yerini kiçik çilləyə verən günü “Çoban bayramı” və ya “Saya gəzmə” adlı mərasim təşkil edərdilər. Mənbələrin verdiyi məlumata görə, bayramı keçirməkdə əsas məqsəd yer ruhlarını razı salıb, dölün bərəkətini artırmaq və heyvanları sağlam vəziyyətdə yaza çıxarmaq idi. Eyni zamanda, bu tariх maldarlar üçün yeni bir ilin başlanğıcı kimi də qəbul edilirdi.