KİV-lərin dilinə dair yeni tələb müəyyənləşdi
Kütləvi informasiya vasitələrinin dilinə dair yeni tələb müəyyənləşib.
Rakus.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanunun 6-cı maddəsinə (Kütləvi informasiya vasitələrinin dili) təklif edilən əlavəyə əsasən, kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir.
Qeyd edək ki, indiyə qədər “Kütləvi informasiya vasitələri haqqında” qanunda sadəcə, Azərbaycan Respublikasının ərazisində kütləvi informasiya vasitələrinin dövlət dilindən istifadə etməsinə dair müddəa əksini tapmışdı.
Qanuna dəyişiklik müzakirələrdən sonra III oxunuşda qəbul edilib.
Bundan başqa, parlamentin bugünkü plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik müzakirə olunub.
Sənədə təklif olunan dəyişikliklə internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: insanların həyat və sağlamlığına ziyan vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə, ictimai təhlükəsizliyin kütləvi sürətdə pozulmasına, həyat təminatı obyektlərin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdid yaradan yalan məlumatlar yerləşdirilməməlidir.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib. (Report)