Gündəm 13.02.2024 16:32

Konstitusiya Məhkəməsinin İlham Əliyevin qalibiyyətini təsdiqləməsi ilə bağlı QƏRARI – YENİLƏNİB - FOTO - VİDEO

Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair qərarının tam mətni yayımlanıb. 

Rakus.az xəbər verir ki, qərarda deyilir:

“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyev və Vüqar Zeynalovun,

maraqlı subyektin nümayəndələri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun, sədr müavini Rövzət Qasımovun, katibləri Arifə Muxtarova və Mikayıl Rəhimovun, üzvləri Fuad Cavadov, Şaitdin Əliyev, Bəxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Ramiz İbrahimov, Validə Kazımova, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Hüseyn Paşayev, Almas Qəhramanlı, Etibar Quliyev və İlkin Şahbazovun,

ekspertlər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Sevda Süleymanova və Fərid Əhmədovun, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov və İnsan hüquqları və informasiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru Etibar Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş protokol və ona əlavə edilmiş sənədlər üzrə 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinin nəticələrinə dair xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxdı.

Hakimlər S.Salmanova və K.Şəfiyevin məruzələrini, maraqlı subyektin nümayəndəsi M.Pənahovun çıxışını, ekspertlər S.Süleymanova və N.Şükürovun rəylərini dinləyib, iş materiallarını öyrənərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 dekabr tarixli Sərəncamına uyğun olaraq 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi keçirilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 108.2 və 203.3-cü maddələrinə müvafiq olaraq səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarında olan bütün məlumatları ümumiləşdirərək, Azərbaycan Respublikası Prezidenti seçkisi üzrə səsvermənin nəticələrinə dair 2024-cü il 11 fevral tarixli protokolu tərtib etmişdir. Həmin protokol Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral tarixli 10/36 saylı qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti seçkisinin nəticələrini təsdiq və rəsmən elan edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.

Seçkinin yekunlarına dair Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq ekspertləri cəlb etmiş, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının apellyasiya məhkəmələrindən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən, Azərbaycan Respublikasının Ali Məhkəməsindən və Azərbaycan Respublikasının Prokurorluğundan seçki hüquqlarının müdafiəsi ilə bağlı məlumatları tələb etmişdir.

Azərbaycan Respublikası Prezidenti seçkisinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi, seçki qutularında 4 967 795 (dörd milyon doqquz yüz altmış yeddi min yeddi yüz doxsan beş) seçki bülleteni müəyyən edilmiş, bunlardan 9 828 (doqquz min səkkiz yüz iyirmi səkkiz) səs etibarsız hesab edilmişdir.

Etibarlı hesab edilmiş 4 957 967 (dörd milyon doqquz yüz əlli yeddi min doqquz yüz altmış yeddi) səs prezidentliyə namizədlər arasında aşağıdakı qaydada bölünmüşdür:

Əliyev Fuad Ağasi oğlu – lehinə 26 517 (iyirmi altı min beş yüz on yeddi) səs və ya 0.54 faiz;

Əliyev İlham Heydər oğlu – lehinə 4 567 458 (dörd milyon beş yüz altmış yeddi min dörd yüz əlli səkkiz) səs və ya 92.12 faiz;

Həsənquliyev Qüdrət Müzəffər oğlu – lehinə 85 411 (səksən beş min dörd yüz on bir) səs və ya 1.72 faiz;

Musayev Elşad Nəbi oğlu – lehinə 32 885 (otuz iki min səkkiz yüz səksən beş) səs və ya 0.66 faiz;

Mustafa Fazil Qəzənfər oğlu – lehinə 98 421 (doxsan səkkiz min dörd yüz iyirmi bir) səs və ya 1.99 faiz;

Nurullayev Razi Qulaməli oğlu – lehinə 39 643 (otuz doqquz min altı yüz qırx üç) səs və ya 0.80 faiz;

Oruc Zahid Məhərrəm oğlu – lehinə 107 632 (yüz yeddi min altı yüz otuz iki) səs və ya 2.17 faiz.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.12-ci maddəsinə görə, protokollar seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 17-si və ya 18-i iştirak edərsə – azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunmuş səsvermənin nəticələri haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu Mərkəzi Seçki Komissiyasının 18 üzvündən 18-i tərəfindən imzalanmışdır.

Ekspert S.Süleymanova bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti seçkisinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral tarixli protokolu Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 108.2 və 203.3-cü maddələri baxımından düzgün tərtib edilmişdir və qanunvericiliyin tələblərinə uyğundur.

Ekspert N.Şükürovun rəyinə əsasən, Azərbaycan Respublikası Prezidenti seçkisinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrinin tələblərinə tam cavab verir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə daxil olmuş məlumatlardan göründüyü kimi, seçki hüquqlarının müdafiəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsində səkkiz, Sumqayıt Apellyasiya Məhkəməsində isə bir ərizəyə baxılmış və həmin ərizələr əsassız olduğundan təmin edilməmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatına görə, məhkəmə aktlarından verilmiş üç kassasiya şikayəti təmin olunmadan saxlanılmışdır.

Gəncə, Şirvan, Şəki Apellyasiya Məhkəmələri və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi seçki hüquqlarının müdafiəsi ilə bağlı hər hansı ərizənin daxil olmadığını bildirmişlər.

Azərbaycan Respublikası Prokurorluğunun məlumatına əsasən, seçki hüquqlarının pozulması ilə əlaqədar bir şikayət üzrə aparılmış araşdırma zamanı həmin şikayətdə irəli sürülmüş dəlillərin öz təsdiqini tapmadığı müəyyən edilmişdir.

Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral tarixli protokolunu Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 108.2 və 203.3-cü maddələrinin tələblərinə uyğun hesab edir.

Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Prezidenti seçkisinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələr təsdiq edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin II hissəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.4-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidentliyinə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

Qeyd olunduğu kimi, etibarlı hesab edilmiş seçici səslərindən 4 567 458 (dörd milyon beş yüz altmış yeddi min dörd yüz əlli səkkiz) səs və ya 92.12 faiz Əliyev İlham Heydər oğlunun lehinə verilmişdir.

Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin II hissəsinin və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.4-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsini, 130-cu maddəsinin VIII və IX hissələrini, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 56, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral tarixli protokolunda əks olunmuş nəticələr təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Prezidentliyinə namizəd İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilsin.

3. Qərar elan olunduğu andan qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz”.

13:07

Azərbaycan Konstitusiya Məhkəməsi 2024-cü ilin 7 fevralında keçirilən növbədənkənar prezident seçkisinin nəticələrini elan edib.

Rakus.az Oxu.Az-a istinadla  xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə araşdırmaları dinlənildikdən sonra prezident seçkisinin nəticələrinin təsdiq və rəsmən elan olunmasına dair Qərarı oxuyub.

Qərara əsasən, 2024-cü ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezidenti seçkisinə dair Mərkəzi Seçki Komissiyasının yekun protokolunda əks olunmuş nəticələr təsdiq edilib.

Konstitusiya Məhkəməsi bildirib ki, Azərbaycan Respublikasının Prezidentliyinə namizəd İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilsin.

Qərar elan olunduğu andan qüvvəyə minir.

Konstitusiya Məhkəməsinin Qərarı qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Bildirək ki, Mərkəzi Seçki Komissiyanın müəyyən etdiyi nəticələrə görə, İlham Heydər oğlu Əliyev seçkidə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Növbədənkənar prezident seçkisində seçici fəallığı 76,43 faiz olub.

12:07

Konstitusiya Məhkəməsi Plenumunun növbədənkənar prezident seçkisinin yekunlarına həsr olunan iclasında sədr Fərhad Abdullayev fasilə elan edib.

Konstitusiya Məhkəməsinin hakimləri qərar vermək üçün müşavirəyə yollanıblar.

11:25

Konstitusiya Məhkəməsi Plenumunun növbədənkənar prezident seçkisinin yekunlarına həsr olunan iclasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edib.

O, seçki qanunvericiliyinin tələblərindən irəli gələn prosedurların icra olunduğunu bildirib.

M.Pənahov deyib ki, seçki prosesində seçici siyahıları hazırlanıb, müvafiq olaraq dairə və məntəqə seçki komissiyalarına təqdim edilib.

MSK sədri seçki prosesi zamanı prezidentliyə namizədliyin irəli sürülməsi, prezidentliyə namizədlərin qeydə alınması barədə də məlumatlar verib.

Daha çox foto burada: PhotoStock.az

11:01

Konstitusiya Məhkəməsi Plenumunun növbədənkənar prezident seçkisinin yekunlarına dair iclası başlayıb.

İclasda prezident seçkisinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq edilməsi və seçkinin nəticələrinə baxılacaq.

İclasda MSK-nın sədri Məzahir Pənahov, MSK sədrinin müavini Rövzət Qasımov, qurumun katibləri Mikayıl Rəhimov və Arifə Muxtarova iştirak edirlər.

Ombudsman, Dövlət Statistika Komitəsinin əməkdaşları, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin ekspertləri də iclasda iştirak edənlər arasındadırlar.

Xatırladaq ki, 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

MSK-nın yekun nəticələrinə əsasən, seçkidə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini (4 567 458 səs) qazanan İlham Əliyev qalib elan edilib.

Aqşin Kərimov

XƏBƏR LENTİ
Təhlil / 13.02.2024 16:56
Ermənistan yenə aranı qatır – Aİ missiyası fəaliyyətinin birilliyi – TƏHLİL
Gündəm, Siyasi / 13.02.2024 16:32
Konstitusiya Məhkəməsinin İlham Əliyevin qalibiyyətini təsdiqləməsi ilə bağlı QƏRARI – YENİLƏNİB - FOTO - VİDEO
Müsahibə / 13.02.2024 14:12
“Ermənistan Cənubi Qafqazın “bədənində şişdir” – MÜSAHİBƏ – ANONS
Hadisə, Siyasi / 13.02.2024 13:32
Böyük Veddi hadisələri: gizlədilmiş həqiqətlər – ANONS
Müsahibə, Video müsahibə / 12.02.2024 20:35
“Azərbaycanlılara casus damğası vurub sürgün edirdilər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Təhlil / 12.02.2024 16:09
Pakistanın demokratiya sınağı – nicat həmrəylikdir – TƏHLİL - FOTO
Mədəni / 12.02.2024 14:22
Azərbaycan “2023-cü ilin Mədəniyyət Destinasiyası” mükafatına layiq görülüb
Dünya, Siyasi / 12.02.2024 12:31
Paşinyan növbəti dəfə Azərbaycana böhtan atıb – BƏYANAT
Sosial / 12.02.2024 10:56
Basarkeçər rayonunun alimləri ilə GÖRÜŞ - FOTO
Gündəm, Siyasi / 11.02.2024 20:06
MSK seçkinin protokolunu Konstitusiya Məhkəməsinə göndərib - VİDEO
Gündəm / 11.02.2024 17:27
Prezident seçkisinin nəticələrinə dair protokolu MSK TƏSDİQLƏDİ
Hadisə, Maraqlı / 10.02.2024 22:12
“Həbib Həsənovun İrəvandan çıxma səbəbi qardaşının qətli idi” – ŞAHİDLƏR - VİDEO
Mətbuat, Sosial / 09.02.2024 20:05
“Erməni dili müəllimim deyirdi ki, biz assuriyalıyıq, bizi məcburi erməniləşdiriblər” - FOTO - VİDEO
Mətbuat / 09.02.2024 17:05
Tural İbadlı İKTA-nın meneceri təyin edilib
Gündəm / 09.02.2024 15:02
Konstitusiya Məhkəməsinin 9 hakimi seçkinin yekunlarını yoxlayacaq - FOTO
Mətbuat / 09.02.2024 14:37
“Ermənilərə “gavur” deyirdik” – Şöhrət Əliyevin “Həyat Hekayəsi” – ANONS
Müsahibə, Səhiyyə / 09.02.2024 11:00
Vaqif Həsənov: “Stomotoloq peşəsi ən qədim peşələrdən biridir”
Gündəm, Siyasi / 09.02.2024 10:37
Erməni diplomatlara Azərbaycana böhtan atmaq tapşırığı verilib – BƏYANAT
Siyasi / 08.02.2024 20:31
İrəvanda mənzil alan azərbaycanlılar kimlərdir? - FOTO - VİDEO
Mədəni / 08.02.2024 15:53
Xıdır Nəbi bayramı nədir?
Təhlil / 08.02.2024 14:20
İrəvanda azərbaycanlılar üçün evlər alınır – ANONS - VİDEO
Siyasi / 08.02.2024 13:25
“Frank Şvabe kimi əliqələmli səlibçilər Azərbaycana təsir göstərə bilməzlər” – BƏYANAT
Gündəm / 08.02.2024 03:05
Səslərin 93,3 faizi sayılıb: İlham Əliyev 92,05% səslə liderdir – MSK - VİDEO
Siyasi / 07.02.2024 21:52
Ölkə üzrə saat 19:00-a olan seçici fəallığı AÇIQLANIB
Siyasi / 07.02.2024 17:39
Ölkə üzrə saat 17:00-a olan SEÇİCİ FƏALLIĞI
Gündəm, Siyasi / 07.02.2024 17:02
“Rəy” “exit poll”un saat 16:00 üçün iştirak göstəricisini AÇIQLADI