“Koroğlu” HUB-ın yaxınlığında taksi duracaqları təşkil ediləcək
2019-cu ildə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (HUB) əsaslı şəkildə yenidən qurulub və müasir nəqliyyat infrastrukturu yaradılıb.
Rakus.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, mərkəzdə sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə 4 platformadan ibarət avtobus terminalı inşa edilib:
“Platformalarda müasir informasiya texnologiyaları avadanlıqları, soyutma və istimə sistemləri ilə təchiz edilmiş 10 gözləmə zalı var. Gözləmə zalları Azərbaycanın elm, ədəbiyyat, mədəniyyət, incəsənət, tarix, idman sahəsində əldə etdiyi uğurları, zəngin dəyərləri əks etdirən yazılı və qrafik məlumatlar əsasında tərtib edilib. Hər bir zalda maarifləndirici məlumatlarla yanaşı, kitab rəfləri də quraşdırılıb. Məqsəd sərnişinlərin kitab oxumağa marağını artırmaq, onların ideoloji tərbiyəsi və vətənpərvərliyinin gücləndirilməsinə töhfə verməkdir. Gözləmə zalları ilə yanaşı, mərkəzdə idarəetmə otağı, tibb məntəqəsi, ana və uşaq otağı, sanitar qovşağı inşa edilib”.
M.Ağayev bildirib ki, mərkəzin əsas özəlliklərindən biri də ərazisində yaşıllıq zonası – istirahət parkının salınmasıdır. “Burada iqlim şəraitinə uyğun ağaclar əkilib. Bakının müasir inkişaf edən simasına uyğun hazırlanan parkda vətəndaşların istirahəti üçün tam şərait yaradılıb. Mərkəzin ən mühüm cəhətlərindən biri də fiziki imkanları məhdud insanlar üçün əlçatanlığın təmin olunmasıdır. Hərəkət istiqamətləri boyunca xüsusi tratil döşəmələr salınıb. Platformaların girişində əlil və uşaq arabalarının rahat hərəkəti üçün panduslar quraşdırılıb”.
Qurum rəsmisi qeyd edib ki, ətraf kənd və qəsəbələri şəhər mərkəzi ilə birləşdirən 30 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun fəaliyyət göstərdiyi mərkəzin xidmətlərindən gün ərzində 270 min nəfərə yaxın sərnişin istifadə edir: “Burada hər bir marşrut xətti üzrə avtobuslar üçün dayanacaq yeri müəyyən edilib, məlumatlandırıcı lövhələr yerləşdirilib. Həmçinin, nağdsız ödənişin aparılmasına imkan verən avadanlıqlar – ödəmə terminalları quraşdırılıb, avtobusların giriş və çıxış istiqamətlərini, mərkəzin ərazisində hərəkət sxemini, konkret dayanacaq yerlərini bildirən yol nişanları və nişanlanma xətləri təchiz edilib, sərnişinlərin məsuliyyətini əks etdirən məlumatlar və qrafik təsvirlər yerləşdirilib.
Mərkəzin ərazisində velosipedlər üçün parklama yeri də təmin edilib. HUB-ın yaxınlığında taksi duracaq yerlərinin təşkil edilməsi nəzərdə tutulur.
Şəhərimzin sürətli sosial-iqtisadi inkişafı ilə ahəng təşkil edən Koroğlu HUB konsepsiyası dövlətin öz vətəndaşlarına verdiyi yüksək dəyərin bariz nümunəsidir”.