Kraliça I Elizabetin nadir portreti üzə çıxarıldı
ABŞ-ın Kaliforniya ştatından olan kolleksiyaçının sahib olduğu bir rəsm əsərinin ekspertiza üçün bərpaçı rəssamlara təqdim edilməsindən sonra onun qalın boya qatının altında ingilis taxt-tacının ən məşhur kraliçası I Elizabetin portreti üzə çıxarılıb.
Rakus.az xəbər verir ki, bu möhtəşəm tapıntı barəsində “Bonhams” Hərrac Evi məlumat yayıb.
Qeyd olunub ki, tablonun üzərinə sonradan – alimlərin ehtimalına görə XIX əsrdə əlavə edilmiş boya qatının altında ingilis kraliçasının portretinin olduğu aşkar edilib. Portretin 1562-ci ildə, I Elizabetin taxta çıxmasından üç il sonra – “Bakirə Kraliçanın” 29 yaşında olduğu vaxt çəkildiyi bildirilir.
“Bonhams” Hərrac Evinin qədim ustalar şöbəsinin direktoru Endryu Makkenzi bildirib ki, bu tablo kraliçanın potensial ərlərinə onun zərif obrazını nümayiş etdirmək üçün çəkilib. Həmin illərdə parlament kraliçadan ərə getməyi tələb edirdi. I Elizabetə elçi göndərənlər arasında müxtəlif illərdə İspaniya kralı II Filipp, Avstriya hersoqları Ferdinand və II Karl, İsveç kralı XIV Erik olublar.
Portretin dekabrın 3-də Londonda keçiriləcək hərracda satışa çıxarılacağı bildirilir. Onun ilkin qiyməti 150-250 min funts terlinq olacaq.