Kreml etirazların əhəmiyyətini azaldır – siyasi böhran isə genişlənir – TƏHLİL - FOTO
Kreml Rusiyada son zamanlar keçirilən etirazların əhəmiyyətini azaldaraq, bunun ölkədə siyasi böhran yaratdığını rədd edib.
Rakus.az xəbər verir ki, Prezidentin Mətbuat katibi Dmitri Peskov jurnalistlərə dövlət başçısı Vladimir Putinin nümayişləri “müstəsna” hesab etmədiyi üçün şərh vermədiyini deyib.
D.Peskov eləcə də polisin etirazçılara qarşı hərəkətlərini müdafiə edərək, onların qanunauyğun hərəkət etdiklərini deyib.
Bazar günü keçirilən son etiraz nümayişində minlərlə insan bir neçə müxalifət namizədin qarşıdan gələn yerli seçkilərdən kənarlaşdırılmasına etiraz olaraq Moskvanın mərkəzində toplaşmışdı.
Bu, Rusiyada son 8 ildə keçirilən ən böyük aksiyalardan biri idi.
Polis son bir ayda nümayişlərdə iştirak edən bir neçə min etirazçını həbs edib.
Rəsmilər müxalif namizədlərin qeydiyyatdan keçmək üçün kifayət qədər imza toplaya bilmədiyini deyib. Namizədlər isə bunun doğru olmadığını bildirərək, qalib gələ biləcəklərinə inandıqları seçkidə iştirak etməkdə israr edir.