Lavrovun Tramp sevgisi – Vaşinqtonun Moskva ittihamı – TƏHLİL - FOTO
Rusiyanın xarici işlər naziri Sergey Lavronun Vaşinqton görüşləri nüvə silahlarına nəzarət, Suriya və Ukrayna müharibələri, habelə Moskvanın 2016-cı il ABŞ-ın prezident seçkilərinə müdaxiləsi üzərində mərkəzləşib.
Rakus.az xəbər verir ki, Lavrovun ABŞ prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo ilə görüşü birmənalı qarşılanmayıb.
Vaşinqton Moskvanı 2016-ci il prezident seçkilərinə müdaxilədə ittiham edir, Moskva isə bu ittihamların əsassız olduğunu deyir.
ABŞ-ın Rusiyadakı sabiq səfiri Aleksandr Verşbou əmindir ki, Lavrovun Vaşinqton görüşləri çox uğurlu olub.
“Prezident Tramp çox ehtimal ki, Rusiya ilə dialoqa açıq olduğunu göstərmək istəyirdi. Lakin belə bir dialoqa əsas maneə Ukraynadır. Pompeo özü də etiraf etdi ki, əlaqələr bir sıra səbəblərə görə mürəkkəbdir. Məhz buna görə də münasibətlərin yaxşılaşdırılması imkanları məhduddur” – səfir bildirib.
(ABŞ-ın Rusiyadakı sabiq səfiri Aleksandr Verşbou)
Dünya siyasəti məsələləri üzrə ekspert, sabiq diplomat Uilyam Hill hesab edir ki, hər iki ölkə başçısı münasibətlərin normallaşması tərəfdarıdır. O, fikir ayrıqlılarının çox dərin olduğuna görə, belə bir inkişafı təsəvvür belə etməyin çətin olduğunu deyib.
“Vladimir Putin Normandiya formatı danışıqlarına şərh verərkən aydın oldu ki, o, Minsk razılaşmaları ilə bağlı Ukrayna, ABŞ və Qərbin deyil, Moskvaya uyğun mövqedən çəkinməyəcək. Mən Putinin Rusiyanın Ukrayna konstitusiyasına dəyişiklik edərək, Donetsk və Luqanska xüsusi status verilməsindən sonra təhlükəsilzik məsələsinin müzakirəsinə başlamaq niyyətindən bəhs edirəm”, – ekspert bildirib.
“Suriya və İranla bağlı da fikir ayrılıqları mövcuddur. Məsələn, Pompeo İranın nüvə silahları əldə etməsinə mane olmaq üçün əməkdaşlığa çağırdığı halda, Lavrov ABŞ-ın artıq tərk etdiyi nüvə sazişinə ehtiyac olduğunu deyir”, -ekspert əlavə edib.
Hər iki diplomat hesab edir ki, bu iki ölkə arasında yeganə real imkanın nüvə silahlarına nəzarət sazişinin uzadılması ola bilər.
Pompeo-Lavrov görüşündə terrorizmlə mübarizə məsələsi də gündəmdə olub.
Corc Meyson Universitetinin Yaxın Şərq məsələləri üzrə eksperti Mark Kats Amerikanın Səsinə müsahibəsində deyib ki, Vaşinqton və Moskvanın Suriya münaqişəsi ilə bağlı təmasda olmaları çox mühümdür.
“Onlar İslam Dövlətinə qarşı birgə mübarizədə olduqlarını, Suriya kürdləri ilə türklər arasında qarşıdurmaya yol verilməsinə çalışdıqlarını göstərmək istəyir. Amma əslində Moskva ABŞ-ın Suriyanı tərk etməsinin tərəfdarıdır. ABŞ və Rusiyanın görəcəyi maksimum iş gərginliklərin artmaması və biri-biri ilə qarşıdurma yaranmaması yolunda irəliləməsidir.
Ekspert hesab edir ki, tərəflər İranın rolu barədə də razılığa gələ bilməyəcək. İran terrorizmlə mübarizədə Rusiyanın tərəfdaşı olduğu halda, ABŞ-da vəziyyət tamamilə başqadır.
“Tramp İrana qarşı Rusiya ilə əməkdaşlığa hazır olduğunu deyib. Bu, mümkün deyil. Çünki İranla Moskvanın Suriyada ortaq maraqları çoxdur. Bu yaxınlarda Moskvada Rusiya və İranın hərbi qərarganlarının keçirdiyi müzakirələr buna bariz nümunədir”,- Kats bildirib.