Mariya Stadnik qələbə qazandı
Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.
Rakus.az xəbər verir ki, Olimpiya Oyunlarının üçqat mükafatçısı, dünya və yeddiqat Avropa çempionu Mariya Stadnik (50 kq) mübarizəyə birbaşa 1/4 final mərhələsindən başlayıb. Güləşçimiz bu mərhələdə polşalı Anna Lukasiak üzərində təmiz qələbə qazanaraq (10:0) yarımfinala yüksəlib. Yarımfinalda onun rəqibi türkiyəli Evin Demirhan olacaq.
Digər üç güləşçimiz də 1/8 final mərhələsində ilk görüşlərində qələbə qazanıb. Alyona Kolesnik (57 kq) Macarıstan təmsilçisi Ramona Qalambosu 10:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Lakin güləşçimiz 1/4 finalda bolqarıstanlı Mimi Hristovaya uduzub – 0:6.
Elmira Qəmbərova da (62 kq) 1/8 finalda almaniyalı Lutsi Manskeyə (4:0) qalib gəlib. Növbəti mərhələdə güləşçimizin rəqibi polşalı Katarina Madrovska olacaq.
1/8 finalda yunanıstanlı Aykaterini-Eyrini Pitsiavaya 9:0 hesabı ilə qalib gələn Səbirə Əliyeva (76 kq) 1/4 finalda Böyük Britaniya təmsilçisi Ceorcina Nelthopr ilə qarşılaşacaq.