Məhbus mübadiləsinin sirri – TƏHLİL
ABŞ-la İran arasında istənilən istiqamətdə irəliləyiş beynəlxalq səviyyədə müəyyən yüngülləşməyə səbəb olur. Sentyabrın 18-də iki ölkə arasında məhbus mübadiləsi də tərəflər arasında danışıqların nəticə verə biləcəyini ehtimal etməyə əsas verir.
Xatırladaq ki, mübadilə edilən 5 ABŞ vətəndaşı bunlardır: Murad Tahbaz, Siamək Namazi, Emad Şərqi və adları açıqlanmayan daha 2 nəfər. Əvvəllər adları açıqlanmayanların arasında Şahab Dəlilinin adı hallanırdı. Ancaq sonuncu siyahıda onun adı qeyd edilməyib.
67 yaşlı Murad Tahbaz 2018-ci ildə İran vətəndaşı olan 8 ekoloqla birlikdə həbs edilmişdi. O, casusluqda ittiham olunaraq 10 il azadlıqdan məhrum olunmuşdu. Tahbaz ona qarşı irəli sürülən bütün ittihamları rədd etmişdi. O, həm də Böyük Britaniya vətəndaşıdır.
51 yaşlı iş adamı Siamək Namazi Dubayda neft şirkətində menecer işləyib. 2015-ci ildə həbs olunub. Bir il sonra atası Baker həbs edilmişdi. Hər ikisi “xarici düşmənlə əməkdaşlıqda” ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Siamək Namazi 8 il həbsdə saxlanılıb. Ata və oğul bu ittihamları rədd ediblər. Baker 2022-ci ildə müalicə məqsədi ilə sərbəst buraxılmışdı.
59 yaşlı Emad Şərqi 2018-ci ildə İranda Vençur fondunda işləyəndə həbs edilib. O, casusluqda ittiham olunsa da, girov qarşılığında sərbəst buraxılmışdı. 2020-ci ildə məhkəmə ona bildirmişdi ki, qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ildə İranı qanunsuz yolla tərk etmək istəyərkən saxlanılaraq həbs olunub.
Bu mübadilə gözlənilməz olmayıb. İddialara əsasən, məhbusların azad edilməsi ilə bağlı Tehranla Vaşinqton arasında danışıqlar bu ilin fevralında Qətərin vasitəçiliyi ilə başlayıb və 9 raund olub.
Məhbus mübadiləsi reallaşdırıldığı bir vaxtda ABŞ Prezidenti Cozef Bayden İranın keçmiş Prezidenti Mahmud Əhmədinejata, İnformasiya və Kəşfiyyat Nazirliyinə qarşı yeni sanksiya tətbiq edib. Qadağa 2005-ci ildə İranın Kiş adasında yoxa çıxmış Bob Levinsonla bağlıdır. ABŞ Federal Təhqiqat Bürosunun keçmiş agenti Bob Levinson İranda itkin düşmüş sayılır. Onun öldürüldüyü ehtimal olunur.
Bu hadisələr fonunda ABŞ İranın Cənubi Koreya banklarında dondurulmuş 6 milyard dollar məbləğində maliyyə vəsaitinə qoyduğu sanksiyanı ləğv edib. Bu məbləğ Qətərin vasitəsi ilə Tehranın maliyyə qurumlarına köçürüləcək.
Baş verən hadisəni birmənalı müsbət və mənfi olaraq qiymətləndirmək mümkün deyil. Tehran hadisəni “qələbə” kimi dəyərləndirə bilər. Çünki 5 vətəndaşı həbsdən azad edilməklə yanaşı, həm də onun 6 milyard dollar məbləğində maliyyə vəsaiti azadlıq qazanıb. İranın bu hadisəni ölkə daxilində qələbə kimi təbliğ edib, “böyük şeytan” üzərində zəfər kimi təqdim etməsi mümkündür. Qeyd edilib ki, maliyyə vəsaitinin yalnız humanitar məqsədlə xərclənəcəyinə nəzarət ediləcək. Milyardlar İranın hesabına hissə-hissə köçürüləcək. Başqa sözlə, bu vəsaitin xərclənəcəyi istiqamətlər əvvəlcədən müəyyənləşəcək. Bu, sərfiyyatda özbaşınalığın olmayacağını deməyə əsas verir.
Keçmiş iranlı məhbusların adi vətəndaşlar olmadığını da nəzərə alsaq, keçmiş 3 məhbusun İrana dönməməsi də sıradan bir hadisə deyil. Bunu ABŞ-nin uğuru saymaq olar. 5 vətəndaşını İran həbsxanasından azad etmək Ağ ev üçün daha bir nailiyyətdir.
Etirazların davam etdiyi şəraitdə 6 milyardın verilməsi İrana dəstək kimi görünsə də, bunu Tehran üçün badalaq da saymaq olar. Çünki bu, onun anti-ABŞ təbliğatına problem yaradacaq. Başqa sözlə, vətəndaşlara ABŞ və ya Qərbin başqa ölkələri ilə əməkdaşlığı istiqamətində təzyiqləri yersiz və gülünc görünəcək. Bundan başqa, İran hakimiyyətinin ABŞ ilə danışıqlar aparmadığına dair açıqlamalarına inam az olacaq.
Milyardların köçürülüməsi Tehrana ABŞ-nin sanksiyalarına görə maliyyə vəsaiti çatışmazlığı bəhanəsinin qarşısını alacaq. Bu, İran cəmiyyətində ABŞ-yə, Qərbə etimadı artıracaq.
8-2 mübadiləsi ABŞ-nin İrana təsir imkanlarının böyük olduğunu təsdiqlədi. Mövcud rejim bu mübadiləyə razılıq verməklə Ağ evə özünəməxsus ismarış da verib. Çünki bu danışıqlar etiraz aksiyalarının güclü olduğu bir vaxtda başlayıb. Belə ehtimal etmək olar ki, İran fevral danışıqları ilə ABŞ-yə “müxalifət sayılan Rza Pəhləvi ilə deyil, bizimlə əməkdaşlıq edin” ismarışını da çatdırıb. Ona görə də 6 milyardı Vaşinqtonun Tehrana gələcək birgə işlər üçün behi də saymaq olar. Odur ki, İranın ərəb ölkələri ilə münasibətləri yumşaltmaq cəhdləri və s. havayı deyil. Hər nəsnənin qiyməti var, Tehran hakimiyyəti ABŞ-yə göstərdiyi xidməthaqqını belə alıb.
Sədrəddin Soltan – “Report”