Məhəbbətdən doğan şeir – “Böyük öndər”
Vətən, təbiət mövzusunda yazdığı şeirlərlə sevilən tanınmış şair Müzahim İsgəndərov Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevə “Böyük öndər” adlı şeir həsr edib.
O, Rakus.az-a açıqlamasında şeirin ərsəyə gəlməsindən söz açıb: “Ulu öndərlə bağlı bir çox şerlərin müəllifiyəm. Bu şeir də insanların xilaskarı olan, qəlbində ucalan, heykəlləşən tarixi müdrik şəxsiyyətin, türk dünyasının fəxri sayılan Heydər Əliyevə olan məhəbbətdən doğan bir yazıdır. Burada xalqımızı bütün çətinliklərdən qurtaran, torpaqlarımızı, Qarabağımızı işğaldan azad edib ərazi bütövlüyümüzü təmin edən Prezident İlham Əliyev kimi sərkərdəni yetişdirib Azərbaycan xalqına bəxş edən bir bəşəri şəxsiyyət tərənnüm olunur. Heydər Əliyev məktəbinin yetirməsi və davamçısı olan Prezidentimiz bu gün ölkəmizi inkişaf etdirib çiçəkləndirməklə böyük siyasətçi, xalqımızın dəyərli və əvəzolunmaz qəhrəman oğlu statusunu qazanıb”.
BÖYÜK ÖNDƏR
Bu millətin
Milyon-milyon ürəklərdə,
İşıq saçan
BÖYÜK ÖNDƏR atası var.
Uca-uca zirvələrdə
Silinməyən
Ad-sanı var.
Bu millətə bəxş etdiyi
Şir ürəkli
İLHAMI var.
Bu millətin sabahına
Ümidi var,
İnamı var.
Dinimizin Məhəmmədi,
“Quran”ı var.
Bu millətin HEYDƏR kimi
Öndəri var,
Bu dövləti
Quranı var.
Xatırladaq ki, Müzahim Mehvalı oğlu İsgəndərov Qərbi Azərbaycanın Göyçə mahalının Toxluca kəndində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Bu obanın sahibləri hardadı”, “Ocaq dağı”, “Atam mənə deyərdi”, “Məni çağır”, “İtirmə məni” şeirlər kitabının müəllifidir.