Mətbuat 04.06.2025 20:20

Məhərrəmin qol saatı - FOTO

Qapqara mərmər lövhədən boylanan tanış sima… Həmişəki kimi üzündə təbəssüm, əlində cib dəftəri… Yenə harasa tələsir, yol üstündədir.

Sinədaşı üstündə ona həsr olunmuş şeirin misraları həkk edilib:

Sən yazı adamısan,
Susa biləcəksənmi?
Başına gələnləri
Yaza biləcəksənmi?

Yaza bilmədi. Heyif… Onun şahidi olduğu hadisələri, üzləşdiyi, gördüyü mənzərələri yəqin ki, başqa heç kim görə bilməyəcək. İşğaldan yenicə azad edilmiş kəndlərə, şəhər və qəsəbələrə mülki vətəndaş kimi ilk ayaq basanlardan biri olmaq onun taleyinə yazılmışdı.

Məhərrəm bütün bunların haqqında kitab yazmaq istəyirdi. Hamısını fikirləşmişdi: haradan və necə başlayacaq, hansı hadisələri xatırlayacaq, hansı mənzərələri qabardacaq… Bu barədə yaxın dostlarına və ailə üzvlərinə də demişdi. Bəlkə də onun qələmindən çıxanlar Qarabağ müharibəsinin ən yaddaqalan və unudulmaz hekayətlərindən biri olacaqdı…

Qismət olmadı…

Yenə də bir şeir yadıma düşür:

Ölüm də girişməyir
Ağlı-fikri dayaza.
Pis adamı görəndə
Özünü çəkir naza.
Yaxşıları tez görür
O gözləri kor olmuş
Ölüm də əzəl gündən
Yaxşılara vurulmuş.

Çox heyif… Amansız ölüm yaxşılardan, vəfalılardan, etibarlılardan daha birini öz caynağına alıb apardı.

Onunla bağlı söz-söhbətlər, xatirələr bitib-tükənmək bilmir.

Həmin vaxt AZƏRTAC-ın Ordu və hüquq xəbərləri redaksiyasının müdiri olmuş Elvin Mövsümov onunla son telefon danışığını xatırlayır. Elvin təkid edir ki, bəlkə qayıdıb bir müddət dincələsən. Səni başqa biri ilə əvəz edək. Bir az dincələndən sonra yenə gedərsən.

Razılaşmır. “Təxminən iki aylıq işimiz qalıb. Onu da yekunlaşdırıb qayıdacağıq. Az qalıb, lap az…”, – deyə cavab verir.

Nə idi onu çəkib oraya aparan? Uzun illər düşmən tapdağı altında olan yurd yerlərini, doğma torpaqları görməkmi?

İllər sonra əsarətdən qurtulan bu yerlərə qədəm qoyan ilk baharı qarşılamaqmı?

Yoxsa ilk dəfə gördüyü bu yerlərdən dünyaya göz açdığı Qərbi Azərbaycanın Çəmbərək rayonunun Ardanış kəndinin ətrini alırdı?

Yaxın dostu İsa Kərimovla telefon danışığı zamanı işğaldan azad edilən bölgələr arasında Hadrutun təbiətinin, təmiz havasının və mənzərələrinin ona daha çox xoş gəldiyini deyirdi: “Bakının istisində bişirsiniz. Burada dağlarda hələ qar var. Gecələr iki yorğanla yatıram…”

Məhərrəm Əli oğlu İbrahimovla bağlı xatirələrdən daha biri yada düşür.

Bir dəfə yoldaşlarından biri Məhərrəm adına “ilişərək” zarafat etdi: “Bu nə addır sənə qoyublar? Normal bir ad tapıb, sənə verə bilmirdilər?”

Yeri gəlmişkən, nə vaxtsa eşitdiyim bir hadisə yadıma düşdü: Bir dəfə Xan Şuşinskinin uzaq qohumlarından biri ona yaxınlaşıb tanışlıq verir və özünü təqdim edir: Orucov Məhərrəm Ramazan oğlu. Xan əmi də həmin aylarda toy olmadığını qabardaraq deyir: haradan oldun mənim qohumum? Nəsillikcə bizə düşmənsiniz”.

Məhərrəm də ona verilən sualın cavabında dedi: “Qardaş, mənim soyadım peyğəmbər, atamın da adı imam adıdır. Ona görə adımın Məhərrəm olmağı təbiidir”.

Belə xatirələr birdirmi, ikidirmi? Hansını yada salasan, hansını xatırlayasan?

O, 2020-ci ilin noyabrından başlayaraq işğaldan azad edilmiş bölgələrin yaşayış məntəqələrini qarış-qarış, ev-ev, ünvan-ünvan, kəndbəkənd dolaşıb. Peşə fəaliyyəti ilə əlaqədar üz tutduğu ünvanlarda erməni qəddarlığı və soyğunçuluğuna şahidlik edən çoxlu mənzərələrlə rastlaşıb.

Əvvəl Füzuliyə getdi, oradan Cəbrayıla, sonra Xocavəndə, Ağdama, Qubadlıya üz tutdu. Kəlbəcərə isə lap təzə getmişdi. Cəmi bir neçə gün əvvəl…

Dəhşətli, qəlbimizi didim-didim edən xəbər də elə oradan gəldi. 2021-ci il iyunun 4-də…

Kəlbəcərin Susuzluq kəndinə gedərkən yola basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində içərisində 7 nəfərin olduğu hərbi maşının az qala külü göyə sovruldu. Dəhşətli və amansız partlayış nəticəsində iki həmkarımız – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının əməkdaşı Sirac Abışov, habelə maşında olan kənd ərazi icra nümayəndəsi şəhid oldu, mülki şəxslər yaralandı.

Bu, bəlkə də ən gözləmədiyimiz, ağlımızın ucundan da keçirmədiyimiz xəbər idi: Hərbi müxbir kimi üz tutduğu yeni ünvana gedərkən baş verən dəhşətli partlayış nəticəsində Məhərrəm əbədiyyətə qovuşmuşdu.

Həmişə xəbər ardınca gedən Məhərrəmin itkisi ən kədərli və üzücü xəbərə çevrildi.

İbrahimovlar ailəsinin sonbeşiyi olan Məhərrəmin faciəli taleyi qardaşları Əkbərin, Əsgərin, Ələsgərin, bacıları Sevda, İradə, Fəridə və Azadənin sinəsinə dağ çəkdi, həyat yoldaşı Baharın, oğlanları Uğur və Toğrulun gözlərini həmişəlik yollarda qoydu.

Binəqədi rayonunun Məhəmmədəmin Rəsulzadə qəsəbəsində onun adına küçə verildi, şərəfinə bulaq inşa olundu. Ölümündən sonra Prezidentin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi. Ailəsinə mənzil verildi. Adına əmək kitabçası açıldığı və 17 il çalışdığı Azərbaycan Dövlət İnformasiya Agentliyində onun adına xüsusi guşə yaradıldı, barelyefi hazırlandı.

AZƏRTAC-ın hərbi müxbiri Məhərrəm İbrahimov beləcə xatirəyə, əbədiyyət ünvanına çevrildi.

… Susuzluq kəndinə gedən yolda baş verən hadisədən bir neçə ay sonra həmin ərazinin yaxınlığında qoyun otaran çobanlardan biri Məhərrəmin qol saatını tapıb. Bu, şəhid həmkarımızdan qalan sonuncu yadigardır. Təəssüf ki, həmin saat hələ İbrahimovlar ailəsinə gəlib çıxmayıb. Partlayış anında Məhərrəmin qolunda olmuş saatın əqrəblərində zaman donub.

Dörd il əvvəl öz peşə fəaliyyətini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan Məhərrəm İbrahimovun fədakarlığı zamana sığmasa da…

Bakı, 4 iyun, AZƏRTAC

 

XƏBƏR LENTİ
Mətbuat, Sosial / 04.06.2025 20:20
Məhərrəmin qol saatı - FOTO
Elm və təhsil / 04.06.2025 15:32
Rusiyanın tatarlaşdırmaq siyasətinin mahiyyəti – ANONS
Gündəm, Hərbi / 04.06.2025 00:01
Susuzluq faciəsi – Şəhid jurnalistlərin minaya düşməsindən 4 il ötür - FOTO - VİDEO
Siyasi, Sosial / 03.06.2025 22:19
Aşağı Adyaman, Aşağı Altuntaxt, Aşağı Alçalı və Aşağı Axta – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 03.06.2025 19:07
“Türk Dövlətləri Təşkilatı gələcəkdə hərbi ittifaqa çevrilə bilər” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.06.2025 14:31
“Türkmənçay”ın qurbanı olan kənd – ANONS - VİDEO
Siyasi / 03.06.2025 13:31
Qafqazda “Sülh Oazisi”i yarana bilər – ANONS - VİDEO
Video müsahibə / 02.06.2025 22:10
“Türkiyədə Qərbi Azərbaycan məsələsinə ikili münasibət var” - VİDEO
Elm və təhsil, Mədəni / 31.05.2025 22:46
“Dədə Qorqud qoca yox, çox cavan şəxs olub” - VİDEO
Siyasi, Sosial / 30.05.2025 22:20
“Biz evi ermənilərlə dəyişmədik, satmadıq və halallıq vermədik” - FOTO - VİDEO
Mədəni, Sosial / 30.05.2025 13:22
“Ermənilərə halallıq vermədik” – Elməddin Cəfərovun “Həyat hekayəsi” – ANONS - VİDEO
Təhlil / 29.05.2025 22:49
“Poqosyan: “Əsas plan Qərbi Azərbaycan muxtar vilayətinin yaradılmasıdır”
Siyasi / 29.05.2025 14:57
Bakının İrəvandan tələbi … – ANONS
Mədəni / 28.05.2025 22:15
“Ermənilərin Qərbi Azərbaycanda saxta arxeoloji əməliyyatları” - VİDEO
Mədəni / 28.05.2025 14:09
Protürklər Qərbi Azərbaycanda yaşayıb – ANONS - VİDEO
Gündəm / 28.05.2025 00:02
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Siyasi, Sosial / 27.05.2025 22:49
Aşağı Ağbaş, Aşağı Ağdan, Aşağı Ağ Körpü, Aşağı Ağcaqala – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 27.05.2025 18:30
“Ermənilər Qafqazda imperiya siyasəti nəticəsində meydana çıxdı” - VİDEO
Sosial / 27.05.2025 14:42
Çarın türk yurdunda erməni əməliyyatı – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 27.05.2025 13:22
Qərb erməni yalanlarına inanmışdı – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 26.05.2025 22:50
“Naxçıvana pənah gətirən soydaşlarımıza Afiyəddin Cəlilov böyük dəstək oldu” - VİDEO
Elm və təhsil / 24.05.2025 22:48
“Tanrı ilə əlaqə quran şəxs Kam adlanır” - VİDEO
Siyasi, Sosial / 23.05.2025 22:17
“Ermənilər maşınlarında həmişə avtomat və patron gəzdirirdilər” - FOTO - VİDEO
Sosial / 23.05.2025 13:22
“40 ildir kəndim üçün darıxıram” – Mübariz Qənbərovun “Həyat Hekayəsi” - VİDEO
Sosial / 23.05.2025 11:49
Hümbət Hüseynov: “Şəffaflıq baxımından bildirişlərinin elektron qaydada verilməsi zəruridir”
Siyasi, Təhlil / 22.05.2025 22:56
Göyçə, Zəngəzur və Tavuşun əhalisi 41,5 min azalıb - VİDEO