Mehriban Əliyevanın səfəri Fransa mətbuatında əks olundu - FOTO
Fransanın https://luxus-plus.com portalında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə səfəri ilə bağlı “Fransa-Azərbaycan: uzun tarixi, iqtisadi əməkdaşlıq” adlı məqalə dərc olunub.
Rakus.az xəbər verir ki, məqalədə Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində iki ölkə arasında tərəfdaşlıq məsələlərinin müzakirə olunmasından yazılıb. Ölkəmizin iqtisadi və digər sahələrdə böyük potensiala malik olduğu vurğulanıb.
“Qafqazın güclü iqtisadi gücə malik ölkəsi olan Azərbaycanla siyasi, iqtisadi və mədəniyyət münasibətlərindən necə yan keçmək olar? Fransa yaxşı anlayır ki, dünyanın stabil və regional aparıcı ölkələrinə ehtiyacı var. Buna görə də bu gün güclü iqtisadi inkişafı olan ölkələrlə ikitərəfli münasibətləri təşviq etmək zəruridir”, – deyə jurnalist Elen Kuqo diqqətə çatdırıb.
Məqalədə qeyd edilir ki, əlverişli coğrafi mövqeyinə görə Azərbaycan əsas regional mərkəzdir və əsas marağı möhkəm iqtisadiyyata malik olmaqdır.
“Azərbaycan inkişafda olan güclü ölkədir”, – deyə ölkəmizi təqdim edən jurnalist son 20 ildə ölkəmizin yalnız karbohidrogen ehtiyatlarına güvənməyərək iqtisadiyyatın bütün sektorlarını şaxələndirdiyini diqqətə çatdırıb.
Ölkəmizin kənd təsərrüfatının inkişafından söz açılaraq bir çox yerli məhsulların ABŞ-dan tutmuş Yeni Zelandiyaya qədər dünyanın müxtəlif ölkələrinə ixrac edildiyi vurğulanıb. Azərbaycan şərablarının məşhur olmasından yazılıb.
Eyni zamanda, ölkəmizin ağır sənaye, logistika, ticarət, maliyyə xidmətləri, informasiya texnologiyaları kimi sahələrində inkişafından danışılıb.
Azərbaycanın dünya iqtisadi rəqabətlilik baxımından 37-ci yerdə qərarlaşdığı qeyd edilib. Ölkəmizin strateji geosiyasi məkanda yerləşdiyi, işsizliyin həcminin aşağı olduğu, bütün nəqliyyat növləri üzrə infrastrukturun genişləndirildiyi vurğulanıb. Böyük İpək Yolunun Bakı üçün keçmiş deyil, gələcək olduğu bildirilib.
Məqalədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa səfərindən və bu ölkənin rəsmi şəxsləri ilə görüşlərindən bəhs olunub. Bildirlir ki, görüşlərdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə edilib.
Azərbaycanın Birinci vitse-prezidentinin səfər çərçivəsində görüşdüyü fransız müəssisələrinin nümayəndələri görüşlərin məhsuldar olduğunu, iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğunu xüsusi qeyd ediblər.
Qafqaz regionunda Azərbaycanın Fransanın birinci iqtisadi tərəfdaşı olduğu vurğulanıb.
Xatırladaq ki, iqtisadiyyat üzrə ixtisaslaşmış “Luxus-Plus” portalının eyni adlı jurnalı da dərc olunur.