Məmməd Aslanın 80 illiyi qeyd edildi
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə şair, tərcüməçi Məmməd Aslanın anadan olmasının 80 illiyinə həsr olunmuş poeziya gecəsi keçirilib.
Rakus.az xəbər verir ki, tədbirdə Məmməd Aslanın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Onun ümummilli lider Heydər Əliyevlə həmsöhbət olduğu fraqment tədbir iştirakçılarına göstərilib. Eyni zamanda videoçarxda İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun Məmməd Aslanla bağlı xatirələri yer alıb.
Tədbirdə çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov şairlə bağlı xatirələrini bölüşərək Məmməd Aslanı uşaqlıq illərindən tanıdığını söyləyib. “O, bizim ailəmizin bir üzvü olub. Kəlbəcərə çox bağlı insan idi. Məmməd müəllimin mənim uşaqlıq həyatımda dərin iz qoyub. O həm də gözəl rəssam idi. Bu gün onun çəkdiyi şəkilləri xatirə kimi saxlayıram. Bu gün babamın, nənəmin istifadə etdiyim şəkillərini bir zamanlar Məmməd Aslan köçürüb. Onun xüsusi zarafatları var idi. O eyni zamanda, dövlətini sevən adam idi, dövlətçilik və Vətən yolunda canını qurban verməyə hazır bir şəxs idi. Məmməd Aslana Əməkdar Mədəniyyət İşçisi fəxri adı verilib, eyni zamanda “Şöhrət” ordeni ilə təltif edilib. Onu xatirəsi hər zaman bizim üçün əzizdir”.
Sonra Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı “Ruhani” saz havasının müşayiəti ilə Məmməd Aslanın şeirlərini səsləndirib.
Tədbir Xalq şairi Sabir Rüstəmxanlı və digər çıxış edənlər Məmməd Aslanın yaradıcılığından danışıb və onunla bağlı xatirələrini bölüşüblər.
Gecədə aşıqların ifasında müxtəlif saz havaları səsləndirilib. (Azərtac)