Mənim tanıdığım Aydın Hüseynov
İndiki qarışıq və keşməkeşli dünyada xoş əməllər, dürüst və mükəmməl niyyətlər varsa deməli, hələ də insanlıq, ziyalılıq yaşayır. Bu, bir məntiqəuyğun prosesdir: günəş olmayan yerdə qaranlıq, ziyalılıq olmayan yerdə cəhalət, Allaha güvənilməyən yerdə şeytan və ən nəhayət, yaxşılar olmayan yerdə pislər at oynadar.
Allah həmişə yaxşılara təmkin, insansevərlik, könlünə şəfqət və aydınlıq verir ki, onun işığından başqaları da faydalansınlar. Belə insanlar peyğəmbər məqamında olmasa da peyğəmbər niyyətlidirlər. Mən həmişə belə insanlara güvənmişəm, onlarla dostluq etməyə çalışmışam. Ona görə ki, insan belə dostlarla söhbət edəndə bir mənəvi rahatlıq tapır, içinə fərahlıq dolur.
Mən bu yazımda ötən əsrin 90-cı illərindən dostluq etdiyim və həmişə də dürüstlüyünə, insanlığına güvəndiyim Milli Məclisin deputatı Aydın Hüseynovdan bəhs etmək istəyirəm. Bizim onunla təmənnasız dostluğumuzun tarixi 25-30 ilə söykənir. Aydın müəllimin cəmiyyətdəki statusu çox genişdir: o, bu gün iqtidar partiyasında yüksək məqamlarda təmsil olunsa da, ona cəmiyyətin bütün təbəqələri arasında sayğı və hörmət açıq- aydın hiss edilir.
Ən başlıcası isə Aydın Hüseynov həmişə elə kişiyanə hərəkətlər edib ki, dostları yaxınları onun bu nəcib addımlarından qürur hissi keçiriblər. Allah ona elə bir xarakter verib ki, kimsə ondan inciyə bilmir. El arasında deyildiyi kimi, uşaqla uşaq, böyüklə böyük kimi davranışı ona verilən bir Allah vergisidir.
Aydın müəllim həm də nümunəvi davranışları ilə təmsil olunduğu siyasi partiyaya həmişə başucalığı gətirməyə çalışıb. Ona görə ki, o, ulu öndər Heydər Əliyevin işıqlı ideyalarına sədaqətlidir. Aydın Hüseynovun qənaətincə, Ulu Öndərin siyasi kursu Vətənə və xalqa xidmət etalonudur. Bu, həm də xalqa, insanlığa diqqət və qayğının təməl prinsipidir, məsuliyyət daşımaq yüküdür.
Bu gün Aydın Hüseynov ölkəmiz üçün çox məsuliyyətli siyasi prosesin iştirakçısıdır. YAP ikinci dəfə ona etimad göstərərək 11 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədiyini irəli sürüb. Qaradağlılar üçün doğma insan olan Aydın müəllim artıq seçicilərinin qarşısında üzüağ və başı dik gəzəbilən millət vəkili statusu qazanıb.
Onun rəhbəri olduğu YAP Qaradağ rayon təşkilatı bir səmimiyyət ocağıdır-kim Aydın müəllimlə görüşə gəlibsə mənəvi və maddi dəstəksiz qayıtmayıb. Əsəbi gələn xoş sima ilə, dərdli gələn mənəvi rahatlıq taparaq inamlı addımlarla tərk edib buranı. Ona görə də Aydın Hüseynov secicilərini təbliğatsız və təşviqatsız qazanan millət vəkilidir. Qaradağlılar ona inanırlar, güvənirlər. Çünki onların etimadını doğrultmağı həmişə özünə şərəf borcu bilib.
Mən parlament jurnalisti olaraq sonralar Aydın Hüseynovun Milli Məclisin deputatı kimi də fəaliyyətini yaxından izləyə bildim. Mətbuata açıq, jurnalistlərin problem və qayğıları ilə davamlı olaraq maraqlanan deputat həm də onların dostu olduğunu, azad sözə, demokratik düşüncəyə hörmət etdiyini dəfələrlə təsdiq edib. Jurnalistlərin istənilən suallarına açıq olan Aydın Hüseynov həm də onların dostu kimi hüquqlarını qorumağa çalışıb. Hətta jurnalistlər şəxsi problemlərinin həlli ilə bağlı Aydın müəllimə müraciətlər edəndə onlara dəstək olub, bəzi idarələrə, vəzifə sahiblərinə zəng edərək bu problemlərin həllinə yardımçı olmağa çalışıb. Onun qəanətincə, jurnalistlərə diqqət və qayğı cəmiyyətə, ziyalılara, ən nəhayət, dövlətə göstərilən diqqət və qayğıdır.
Bir çox hallarda sosial problemləri olan vətəndaşlar Milli Məclisin qarşısına gələrək deputatlarla görüşməyə çalışırlar. Hətta gələnlərin arasında müharibə əlilləri, veteranları, şəhid ailələri də olur. Bax, Aydın müəllim onların qarşısına çıxmağı özünə borc mənəvi borc bilib. Müşahidələrimə əsasən deyərdim ki, məhz Aydın Hüseynov o deputatlardandır ki, həmişə seçicilərinin qarşısına cəsarətlə- alnıaçıq, üzüağ çıxıb. Əvvəla ona görə ki, o, humanist xarakterinə uyğun olaraq daim bu təbəqənin hüquqlarının müdafiəsi ilə məşğul olub. Eyni zamanda, yerlərdə bəzi məmurların narazı saldıqları müharibə əlilləri, şəhid ailələri, müharibə veteranları ona görə Aydın Hüseynova görüşə can atıblar ki, o, həmin problemlərinin həlli üçün sona qədər mübarizə aparmağa çalışıb. Nəticə isə çox vaxt müsbət olub.
Aydın Hüseynov peşəkar jurnalistlərin dostluq etdiyi ziyalıdır. O heç vaxt qərəz və böhtana görə heç vaxt məhkəməyə vermək iddiasında olmayıb. Onun qənaətincə, jurnalisti məhkəməyə verməkdənsə onu obyektivliyə, vicdanlı jurnalistikaya yönləndirmək daha effektlidir. Aydın müəllim deyir ki, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan böyük quruculuq işləri və bunun fonunda dünyanın respublikamızın artan nüfuzunu heyranlıqla müşahidə etməsi belə xırda işlərə vaxt sərf etməyə lüzum görmür. Hələ Ulu Öndər vaxtilə onu sərt tənqid edən, bəzi hallarda təhqirlərə yol verən jurnalistləri bağışlayaraq məmurları da bu humanistlikdən nümunə götürməyə səsləyirdi: «Mən də jurnalistlərə qarşı bu humanistliyin tərəfdarıyam. Çünki bu prinsip Azərbaycan dövlətinin beynəlxalq nüfuzu, ən başlıcası isə ölkəmizdə söz və mətbuat azadlığının inkişafı üçün çox əhəmiyyətlidir.»
Aydın Hüseynov öz seçiciləri ilə də mütəmadi görüşlər keçirən deputatdır. O, seçicilərinin yanında olan, onlarla həmdərd olmağı bacaran bir millət vəkili statusu qazanıb. Xüsusilə hər bir seçicisinin şad və dar günündə onların yanında olub. Qaradağ rayonunda yaşayan dostlarımın və qohumlarımın sözlərinə görə, o, əvvəlki deputatlığı dövründə hər həftə məhəllə-məhəllə gəzərək seçiciləri ilə görüşüb- onların problemlərini şəxsən dinləyərək həllinə çalışıb.
Bu gün Aydın Hüseynov seçicilərinin dəstəyinə tam arxayındır. Necə ki, o, seçicilərinin həmişə yanında olub, indi də seçiciləri onun yanındadır. Zatən bu onun seçiciləri ilə keçirdiyi izdihamlı görüşlərindən də aydın görünür.
Elçin Zaman