Mənzillərin növbəti seçimi iyulun 14-də baş tutacaq – MİDA
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə iyulun 12-də saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.
Rakus.az xəbər verir ki, MİDA-dan satışa çıxarılan 253 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 11 518 nəfərdir.
“Bugünkü satış zamanı 253 mənzilin seçimində iştirak edənlərin sayı 1 906 nəfər olub. Bu saata olan məlumata görə, seçilmiş 253 mənzilin 245-i vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib”, – deyə MİDA-dan bildirilib.
Gözləmə qaydasında mənzillərin növbəti seçimi iyulun 14-də saat 11:00-da başlayacaq və iyul 17-si saat 00:00-dək davam edəcək.
Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu (elana uyğun olaraq öz vəsaiti hesabına), mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir.