Mərkəzdə 130 yaşlı qəzalı binanın sökülməsinə başlanılır
Bakının Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanındakı 3 mərtəbəli binanın sökülməsinə hazırlıq işləri gedir.
Rakus.az xəbər verir ki, bu barədə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.
Onun sözlərinə görə, hazırda üçmərtəbəli binadakı ailələrin köçürülməsi yekunlaşmaq üzrədir: “Bina üçmərtəbəlidir, 1889-cu ildə inşa olunub. Burada 43 ailə yaşayırdı. 1989-cu ildə Bakı Şəhər Xalq Deputatları Soveti binadakı sakinlərin köçürülməsi barədə qərar qəbul edib. Həmin vaxt binada olan ailələrdən 23-ü köçürülüb. Bu ailələrin köçürüldüyü mənzillərdə sonradan məcburi köçkünlər məskunlaşıb. Artıq həmin ailələr də binadan köçürülüblər. Hazırda sözügedən ünvanda 4 ailə qalıb ki, onlardan da 3-ü məcburi köçkündür. Yaxın günlərdə həmin ailələr də köçürüləcək və binanın sökülməsinə başlanacaq”.
İ. Kərimov bildirib ki, bina qəzalı vəziyyətdə olduğu üçün sökülür. Binadakı ailələr Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən köçürülür.