Məscidlərdə bayram namazları təxirə salınacaq
Məşədi Dadaş Məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Ramazan ayında bayram namazının, iftar süfrələrinin təxirə salına biləcəyini deyib.
Rakus.az xəbər verir ki, o, Oxu.Az-a açıqlamasında proseslərin ölkə ərazisində koronavirus pandemiyasının gedişatına uyğun şəkildə tənzimlənəcəyini bildirib.
Onun sözlərinə görə, prosesləri qabaqlamaq mümkün deyil: “Ona görə bununla bağlı Qafqaz Müsəlmanları İdarəsində fətva hazırlanır. Virusun yayılma vəziyyətinə uyğun olaraq, yoluxma halları artarsa, karantin qaydalarına uyğun qərar veriləcək. Belə olan halda kütləvi toplaşma hallarının qadağan edildiyini nəzərə alaraq, iftar süfrələrində, bayram namazlarında insanların məscidlərdə bir araya toplaşması yolverilməzdir”.
Hacı Şahin vurğulayıb ki, yekun qərar Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hazırlanan fətvada öz əksini tapacaq və ictimaiyyətə geniş açıqlama veriləcək.