Məşqçilərimiz Feysbuk və İnstaqrama qarşı çıxdı
Statiskaya görə, hazırda dünyada 3 milyardan çox insan müxtəlif sosial şəbəkələrdən istifadə edir. Bunların içində lider mövqelərdə isə Feysbuk, İnstaqram və Tvitter dayanır. Eləcə də, yüzlərlə tanınmış xarici futbolçu və məşqçi bu axına qoşulub, sosial mediada aktivdirlər. Hətta bugünlərdə “Qəbələ” klubunun sabiq baş məşqçisi, hazırda Moskva “Lokomotiv”ini çalışdıran 71 yaşlı Yuri Syomin də “İnstaqram”dan istifadə etdiyini söyləyib.
Rakus.az xəbər verir ki, bizim məşqçilərdən çoxusu isə sosial şəbəkələrdən istifadə etmədiklərini deyir. Məsələn, Qurban Qurbanov müsahibələrində dəfələrlə bildirib ki, onun nə Feysbuk, nə də İnstaqramda hesabı var.
AFFA Məşqçilər Komitəsinin üzvü, əməkdar məşqşi Ağasəlim Mircavadov da deyir ki, sosial şəbəkələrdən istifadə etmir:
– Sadəcə, marağımı cəlb etmir. Evdə kompüter var, lazım olanda açıb, məlumat alıram. Ancaq yerli və Rusiya saytlarını oxuyuram.
Ağasəlim Mircavadov milli üzvlərinin, gənclərin telefona, sosial şəbəkələrə aludəçiliyinə qarşıdır:
– Yığmanın cavan uşaqları telefonla çox oynayırlar. Məncə, bu, yaxşı hal deyil. Belə olan halda, futbol qalır kənarda. Yenə də deyirəm, bizim gənc futbolçular sosial şəbəkələrdən çox istifadə edirlər. Əsas işləri kənarda qalır, İnstaqramda, Feysbukda “yatırlar”. Az istifadə etsələr, daha yaxşı olar. Bu, həm vaxt aparır, həm istirahətə, həm də əsəbə təsir edir.
Ağasəlim Mircavadovun bu fikri ilə milli komandamızın və “Qarabağ” klubunun futbolçusu, sosial şəbəkənin fəal istifadəçilərindən olan Qara Qarayev müəyyən dərəcədə razılaşır. O deyir:
– Mən özüm 3-4 ildən çoxdur ki, sosial şəbəkədən istifadə edirəm. Hətta bir neçə dəfə səhifəmi bağlayıb, yenidən açmışam. Məncə, sosial media futbolçuların fikrinə təsir edir. Hərdən futbolçuları idmandan, futboldan kənar sala bilər. Amma bu da futbolçuların özündən asılıdır. İdmançı sosial şəbəkədən asılı vəziyyətdə qalmasa, düşünürəm ki, heç bir təsiri olmaz.
AFFA Məşqçilər Komitəsinin digər üzvü Şahin Diniyevə görə isə futbolçular və məşqçilərin də sosial şəbəkələrdən istifadə etmək hüquqları var:
– Onlar da bu cəmiyyətin insanlarıdı. Ancaq şəxsən mənim nə Feysbuk, nə də İnstaqramda səhifəm var. Heç yaratmaq həvəsində də deyiləm. Gərək nəyəsə istək ola ki, ondan istifadə edəsən. Bizim məşqçilərin çoxunun hesabı var, kimdənsə geri qalmırlar ki. Sadəcə, məndə yoxdur.
Yəqin ki, biz köhnə kişilərdənik (gülür). Futbolçuların istifadəsi barədə onu deyə bilərəm ki, hər şeyin çoxu pisdir. Nəyinsə fanatı olmaq düz deyil. Hansısa işlə bağlı və yaxud vacib bir məsələni müzakirə edirsənsə, olar. Ancaq bütün günü orda oturmaq, hər mövzuya qiymət vermək, vaxtının çoxunu orda keçirmək doğru deyil. Futbolçunun işi daha çox məşq etmək olmalıdır. Ümumiyyətlə, hər peşədə belə olmalıdır. Bizim aşağı yaş qrupları üzrə milli komandada bütün kompüter və telefonlar yığılırdı ki, uşaqlar gecənin yarısına qədər istifadə eləməsinlər, məşqə daha çox fikir versinlər. Yəni belə şeylər olub. Hər klubun öz qaydaları var.
Millinin üzvü Qara Qarayevə görə, sosial şəbəkələrin müsbət və mənfi tərəfləri çoxdur:
– Təkcə futbolçularla bağlı deyil, ümumən son zamanlar sosial şəbəkələrin mənfi tərəfləri daha da artıb. Biz idmançılar, üzdə olan insanlar isə çalışmalıyıq ki, cəmiyyətə, insalarıma daha çox müsbət, faydalı mesajlar ötürək. (Qol.az)