Məsul şəxslər məsuliyyətə cəlb ediləcəklər
Nazirlər Kabineti “Şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinin və sistemlərinin, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi formasının və müddətinin müəyyən edilməsi qaydaları”nı təsdiqləyib.
Rakus.az xəbər verir ki, qaydalarda göstərilir ki, məlumatların təchizat müəssisələri tərəfindən internet saytlarına yerləşdirilməsi və onların ödənişsiz olaraq əldə edilməsi Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in 4-cü hissəsinin tələbləri nəzərə alınmaqla həyata keçirilir.
İnternet saytlarına yerləşdirilmiş məlumatlarda dəyişikliklər baş verdikdə, həmin məlumatların təchizat müəssisələri tərəfindən yenilənməsi 3 iş günü müddətində həyata keçirilir.
Məlumatların təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi və yenilənməsi ilə bağlı Energetika Nazirliyi tərəfindən monitorinqlər aparılır.
Təchizat müəssisələri tərəfindən təyin edilən məsul şəxslər məlumatların internet saytlarına yerləşdirilməməsinə və ya yenilənməməsinə görə intizam məsuliyyəti daşıyırlar.
Aparılan monitorinqlər nəticəsində məlumatların internet saytlarına yerləşdirilməməsi və ya yenilənməməsi aşkar edildikdə, Nazirlik tərəfindən aidiyyəti təchizat müəssisəsinə ünvanlanan məktub əsasında həmin müəssisə tərəfindən təyin edilən məsul şəxslər intizam məsuliyyətinə cəlb edilirlər.