MİDA ağacəkmə aksiyası keçirdi - FOTO
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisində ağacəkmə aksiyası keçirilib.
Rakus.az xəbər verir ki, agentliyin mətbuat xidmətindən bildirilib ki, aksiyanın əsas məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.
Ulu Öndərin əsasını qoyduğu ekoloji siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də uğurla həyata keçirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər görülüb.
Aksiya zamanı Mənzil İnşaatı Dövlət Agentliyi və onun tabeliyində olan “MİDA” MMC-nin 100-dək əməkdaşı tərəfindən 200-ə yaxın Eldar şamı əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, yaşıllıq zonasının sahəsində təmizlik və abadlaşdırılma işləri aparılıb.