Minimal hesabla uduzduq - FOTO - VİDEO
İkinci hissəyə Xorvatiya millisi daha fəal başlayıb. Matçın 79-cu dəqiqəsində Andrey Kramariç komandasının ikinci topunu millimizin qapısından keçirib və bu, oyunda vurulan sonuncu qol olub.
Beləliklə, oyun ötən il Rusiyada keçirilən dünya çempionatının gümüş medalçısı Xorvatiya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
00:37
Qarşılıqlı hücumlar şəraitində başlayan oyunun 14-cü dəqiqəsində millimizin üzvü Ramil Şeydayev hesabı açmağa yaxın olsa da, Xorvatiya millisinin qapıçısı Lovre Kaliniç topu geri qaytarıb. Azərbaycan millisi 5 dəqiqə sonra istəyinə nail olub. Belə ki, R.Şeydayev baxımlı qolla komandamızı hesabda önə çıxarıb.
Matçın 44-cü dəqiqəsində xorvatiyalı futbolçu Borna Barişiç hesabı bərabərləşdirib və matçın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
23:45
Futbol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
Rakus.az xəbər verir ki, millimiz səfərdə Xorvatiya yığması ilə qarşılaşır. Zaqreb şəhərindəki “Maksimir” stadionunda keçirilən oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Georgi Kabakovdur.
Bu görüş yığmamızın baş məşqçisi Nikola Yurçeviç üçün əlamətdardır. Belə ki, xorvatiyalı mütəxəssis öz ölkəsində millimizin baş məşqçisi kimi debüt edir.
İndiyədək Azərbaycan və Xorvatiya milli komandaları iki dəfə üz-üzə gəliblər. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 2014-cü il oktyabrın 13-də millimizin səfərdə keçirdiyi oyun Xorvatiya millisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bir il sonra sentyabrın 3-də Bakıda oynanılan matçda isə hesab açılmayıb.
“Avro 2020”nin seçmə mərhələsində Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstanla birgə “E” qrupunda yer alıb. Qrupun digər oyununda Slovakiya öz meydanında Macarıstan yığması ilə qarşılaşır.