MSK-nın işçi qrupları yaradıldı
Azərbaycanda 2019-cu il dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində yeni ekspert qrupu və işçi qrupu yaradılıb.
Rakus.az xəbər verir ki, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirə edilib.
İclasda ilk olaraq vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılması məsələsinə baxılıb.
Məsələ müzakirə edildikdən sonra səsə qoyularaq təsdiq edilib.
Daha sonra isə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi məsələsi müzakirə olunub. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
İclasda həmçinin, “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiq edilib.
Xatırladaq ki, MSK-nın bu gün keçirilən iclasında Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-nə təyin edilib.