MTRŞ-nın cəzaları telekanallarda nəyi dəyişəcək?
ARB TV-nin Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən yayımının dayandırılması sosial şəbəkələrdə və mediada ciddi müzakirə mövzusuna çevrilib. Azərbaycan televiziyalarının fəaliyyəti tarixində bu formada cəzanın verilməsi bir ilkdir. 24 saatlıq yayım göstərən telekanalın efirinin saat 10-dan 16-ya kimi dayandırılması xeyli ciddi hadisə hesab oluna bilər.
Tamaşaçı Zaur Kamal, Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı, Elgiz Əkbərin verilişlərindən bu cür ifadələrə demək olar ki, öyrəncəlidir. Təbii ki, söhbət burda yalnız birbaşa işlədilən açıq söyüşdən yox, həm də efir mədəniyyətinə zidd olan görüntülərdən, televiziyaya yaraşmayan qurama səhnələrdən, reytinq xatirinə hazırlanmış yüngül şoudan gedir.
ARB TV-nin yayımının dayandırılmasına səbəb olan söyüşün Azərbaycan mədəniyyətinin həşəmətli simalarından birinin dilindən səslənməsi isə ayrı bir söhbətin mövzusudur. Təxminən bir neçə həftə əvvəl Afaq Bəşirqızının başqa bir nalayiq formada gündəmə gəlməyi taleyin ironiyası, yaxud bumeranq effekti sayıla bilər.
MTRŞ-nın yeni rəhbərliyi tərəfindən verilən bu qərar son dərəcə maraqlı qarşılanmaqla yanaşı, həm də cəmiyyətin, televiziya mütəxəssislərinin içində bir ümid oyada bilər. Xüsusilə MTRŞ-nın yeni sədri İsmət Səttarovun cəmi 1 ay əvvəl rəhbərlik etdiyi kanala qarşı bu addımı atması bir növ “mən nizam-intizama, cəzalara özümdən başlayıram” görüntüsü ortaya çıxarır. Hələliksə bu ilk qərardır. MTRŞ-nın bu formada fəaliyyət göstərəcəyi, yaxud zəif, dişsiz, televiziyaların kölgəsində qalan bir qurum olaraq davam edəcəyi yaxın gələcəkdə veriləcək anoloji qərarlardan asılı olacaq. Ümid edək ki, TV-lər “gözü çıxmış qardaş”ından dərs alaraq özlərinə çəki-düzən verəcəklər. Yüksək peşəkarlıq təqdim edə bilməsələr də, ən azı bayağılığa yol verməyəcəklər.