MTRŞ tezliklərin dəyişdirilməsiə aydınlıq gətirdi
“Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqəyə çıxarılan istənilən tezlik müxtəlif səbəblərdən dəyişdirilə bilər. Həm də belə dəyişmələr istənilən vaxt, hətta tezliyin ayrıldığı andan çox keçməmiş də baş verə bilər”.
Rakus.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov bildirib.
Onun sözlərinə görə, tezliklərin dəyişdirilməsinin səbəbləri kimi ayrılmış tezlikdə maneələrin (interferensiyaların) yaranması, tezliklərin bölgələr üzrə uyğunlaşdırılması, onda bir meqahers tezlikləri cüt rəqəm olan tezlikdən tək rəqəm olan tezliyə keçilməsi və s. ola bilər: “Şura tərəfindən hər il 6…10 FM yayımının işçi tezliyi və ya TV yayım kanalı dəyişdirilir. Azərbaycan Respublikasında tezliklərə Dövlət Radiotezliklər Komissiyası tərəfindən nəzarət olunur, MTRŞ ayrılmış diapazondan istifadəyə yararlı boş olan tezliklərdən birini müsabiqəyə çıxarır. FM radio yayımı bütün dünyada 88…108 MHs tezlik diapazonunda aparılır”.
İ. Məmmədov deyib ki, istənilən halda hər hansı yayımçı tezliyin sahibi sayıla bilməz: “Rəqəmli radio yayımı tətbiq olunduqda bir işçi tezlikdə 10…12 radio proqramı yayımlanır. Bu halda yayımçılardan hansı həmin tezliyin sahibi sayılmalıdır? Yayımçı öz radio və ya televiziya şirkətinin sahibidir. Yeri gəlmişkən qeyd edim ki, hazırda Bakı şəhəri və Abşeron yarımadası ərazisində müsabiqəyə çıxarılan 102,0 MHs işçi tezliyi də yuxarıda qeyd olunan səbəblərdən biri – onda biri tək rəqəm olan tezliyə keçmək məqsədilə 102,1 MHs-ə dəyişdirilə bilər. Xüsusilə vurğulamaq istərdim ki, burada 102,1 MHs tezliyinin dəyişdirilməsindən söhbət getmir”. (apa.az)