Müdafiə Nazirliyinə 7 min müraciət daxil oldu
Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən hərbi əməliyyatlar zamanı yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları Müdafiə Nazirliyinə müraciət ünvanlayaraq ordumuza dəstək məqsədilə hərbi xidmətə çağrılmaqla döyüşlərə qatılmalarını xahiş edirlər.
Rakus.az xəbər verir ki, nazirliyin məlumatına görə, iyulun 13-dən 17-dək Müdafiə Nazirliyinə bu mövzuda 7 000-ə yaxın müraciət daxil olub:
“Müdafiə Nazirliyi bütün xalqımızı, o cümlədən müraciət edən hər bir vətəndaşı həmrəylik göstərərək Ordumuza dəstək olduqlarına görə alqışlayır və onlara minnətdarlıq edir. İyulun 16-da keçirilən Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, hərbi xidmətə cəlb olunmaq arzusunda olan vətəndaşlar öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edə bilərlər. Bildiririk ki, Azərbaycan Ordusu düşmənin istənilən təxribat və hücumunun qarşısını qətiyyətlə alır və bundan sonra da alacaqdır. Vətənpərvərlik və həmrəyliyinizə görə çox Sağ olun!”.