Müğənni COVID-19-a yoluxdu
Tanınmış amerikalı müğənni Pink yeni növ koronavirusa yoluxduğunu söyləyib.
Rakus.az xəbər verir ki, xanım ifaçı bu barədə “Twitter” səhifəsində məlumat verib.
“İki həftə əvvəl 3 yaşlı oğlum Ceymsonda və məndə COVID-19 əlamətləri yaranmışdı. Xoşbəxtlikdən bizi müalicə edən həkimin testlərə çıxışı var idi. Mənim testim müsbət nəticə verib”, – o yazıb.
Pink əlavə edib ki, bu iki həftə ərzində ailəsi evdə qalıb və həkimlərin göstərişlərinə əməl edib.
“Bir neçə gün əvvəl ikinci dəfə test etdik və Allaha şükürlər olsun ki, bu dəfə cavab mənfi oldu”, – müğənni bildirib.
Pink həmçinin səhiyyə işçilərinə dəstək olmaq məqsədi ilə Filadelfiyadakı Templ Universiteti nəzdindəki xəstəxanaya və Los-Anceles merinin böhran fonduna500 min ABŞ dolları bağışlamaq qərarına gəlib.
Xatırladaq ki, Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 277 mindən çox koronavirus yoluxma hadisəsi qeydə alınıb, 7 mindən çox insan ölüb.