Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresi başlayıb - FOTO - VİDEO
Noyabrın 23-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı konqres işə başlayıb.
Rakus.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən festival-konqresin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Heydər Əliyev Muzeyinə gələn ziyarətçilərə görkəmli dövlət xadiminin zəngin, çoxşaxəli siyasi irsi və mənalı ömür yolundan bəhs edən eksponatlar barədə məlumat verilib.
Sonra Naxçıvan Dövlət Milli Dram Teatrında “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresinin açılış tədbiri keçirilib.
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiya və videoçarx nümayiş etdirilib.
Festival və konqresin açılışı münasibətilə tədbir iştirakçılarını salamlayan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, bu gün xalqımız öz tarixinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edib. Uzun illər gizli saxlanılan, zaman-zaman təhrif edilmiş hadisələr özünün əsl mahiyyətini və qiymətini alır. Sözsüz ki, bunun ən mühüm səbəblərindən biri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycanın 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi oldu. 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə dövlətimizin suverenliyinin onun bütün ərazisində təmin olunması ilə nəticələndi. Tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın yaratdığı bugünkü reallıqlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və inkişafı ilə yanaşı, həm də Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası işinə stimul verir. Daha dəqiq ifadə etsək, Qərbi Azərbaycana qayıdış üçün zəmin yaradır.
Vurğulanıb ki, 2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı sistemli tədbirlərin keçirilməsinə başlanılıb, bu məqsədlə konsepsiya qəbul olunub. “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də Prezidentin bu istiqamətdə müəyyənləşdirdiyi tapşırıqların icrası, xüsusilə də Qərbi Azərbaycanın tarixi, mədəni irsi və azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi deportasiyası ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Səlahiyyətli nümayəndə tarixi faktlara istinad etməklə azərbaycanlıların deportasiyasının tarixin tam açılmamış və beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətini almamış səhifələrindən olduğunu diqqətə çatdıraraq deyib: “Təəssüf ki, xalqımıza qarşı törədilmiş etnik təmizləmə və deportasiya siyasəti müstəqilliyin ilk illərində lazımınca araşdırılmayıb. Yalnız Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ilk dəfə azərbaycanlıların deportasiyasına hüquqi-siyasi qiymət verib, 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzalayıb”.
“Bu gün hər bir Azərbaycan vətəndaşı möhtəşəm tarixi hadisələrə şahidlik edir. Dünya birliyində söz sahibinə çevrilən güclü və qüdrətli Azərbaycan yeni reallıqlar formalaşdırır”,- deyən Fuad Nəcəfli bildirib ki, Ulu Öndərin siyasətini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ata vəsiyyətinə əməl edərək, torpaqlarımızı işğaldan azad etdiyi kimi, Qərbi Azərbaycana qayıdış konsepsiyasını da uğurla həyata keçirir. Artıq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük yol qət edilib. Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq səviyyəyə çıxarılıb. Hazırda Qərbi Azərbaycana qayıdış konsepsiyası üç prinsipə – tarixi faktlara, beynəlxalq hüquqa və sülhə əsaslanır. Prezidentin müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq, ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı görülən sistemli tədbirlərin davamı kimi bu gün Naxçıvanda keçirilən festival-konqres də ciddi mövzuları əhatə edir. Məqsəd deportasiyaya məruz qalmış soyadaşlarımızın hüquqlarının bərpası, Qərbi Azərbaycanda etnomədəni terrora məruz qalmış tarixi-mədəni irsimizlə bağlı faktların ortaya qoyulması və dünya elmi ictimaiyyətinə çatdırılmasından ibarətdir.
Səlahiyyətli nümayəndə qarşıya qoyulan vəzifələrin icrasında tədbir iştirakçılarına uğurlar arzulayaraq, “Qərbi Azərbaycana qayıdış” konqres-festivalının təşkilatçılarına, dəvəti qəbul edib tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib. Fuad Nəcəfli çıxışını Prezident İlham Əliyevin “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar” fikirləri ilə tamamlayıb.
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək bildirib ki, sovet hakimiyyətinin ilk illərində Qərbi Azərbaycanda 1922-1923-cü illərdə 36, 1924-cü ildə 62, 1929-1930-cu illərdə 112, 1931-ci ildə isə 245 Azərbaycan məktəbi fəaliyyət göstərib. Həmin dövrdə 113 azərbaycandilli məktəbəqədər təhsil müəssisəsi mövcud olub. 1981-1982-ci tədris ilində Qərbi Azərbaycanda 155 azərbaycandilli məktəb, 1986-1987-ci tədris ilində isə 206 azərbaycandilli məktəb fəaliyyət göstərib. Nazir vurğulayıb ki, Qərbi Azərbaycandakı Azərbaycan məktəblərinin məzunları arasından elmin müxtəlif sahələrini əhatə edən 10 akademik, akademiyanın 9 müxbir üzvü, 140 elmlər doktoru və 740 elmlər namizədi yetişib. Emin Əmrullayev ali təhsil proqramlarına Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, toponimləri, İrəvan Müəllimlər Seminariyası ilə bağlı dərslərin, seçmə fənlərin daxil edilməsinin olduqca vacib olduğunu bildirib. Azərbaycanın elm və təhsil müəssisələrində Qərbi Azərbaycan tarixinin araşdırılması sahəsində ardıcıl, sistemli tədqiqatların aparılması və elmi-tarixi nəzəri əsərlərin yaradılması zərurətini qeyd edib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında vurğulayıb ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımıza məxsus tarixi faktlar, ədəbi-mədəni dəyərlər, folklor nümunələri, toponim məlumatları, o yurd yerlərindəki tarixi-mədəni abidələr barədə məlumatların tədqiq olunması ziyalıların, elm adamlarının qarşısında duran mühüm vəzifələrdir. Bu baxımdan keçirilən festival-konqres mühüm əhəmiyyət kəsb edir. Konqresdə 200-dək elmi çıxışlar olacaq və onlar toplanaraq nəşr ediləcək. Burada yer alan tarixi-mədəni faktlar Qərbi azərbaycanlıların layiqli və ədalətli şəkildə yurdlarına qovuşmasını təmin edəcək Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına mühüm töhfə olacaq.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qeyd edib ki, Prezident İlham Əliyevin Qərbi azərbaycanlılar məsələsində daim nümayiş etdirdiyi prinsipial mövqe, onların hüquqlarının bərpa olunmasına və öz doğma torpaqlarına qayıtmasına qəti və birmənalı dəstək ifadə etməsi, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını hazırlamaqla bağlı tapşırıqları tarixi torpaqlarımıza dönüş uğrunda səylərə yeni təkan verib: “1987-1991-ci illərdə baş vermiş sonuncu deportasiyadan əvvəl Qərbi Azərbaycandakı 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşamış, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edib. Bütövlükdə 300-ə yaxın yaşayış məntəqəsində azərbaycanlı soydaşlarımız yaşayıblar. Lakin təəssüf ki, onların hamısı ermənilərə xas metodlarla sonuncu nəfərinə qədər Qərbi Azərbaycandakı ata-baba yurdlarından qovulublar. Bu prosesdə 200-dən çox soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, 400-dən artıq insanımız bədən xəsarəti alıb. 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulub ki, beynəlxalq qiymətləndirmə standartlarına görə, bu gün həmin ziyanın məbləği 700 milyard ABŞ dolları həcmindədir. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, yəqin ki, bu ziyan bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək olmaz”,- deyə Əziz Ələkbərli vurğulayıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış edərək, beynəlxalq hüquqda xalqın tarixən yaşadığı doğma yurdundan zorla çıxarılmasının cinayət əməli hesab olunduğunu diqqətə çatdırıb. Ombudsman bildirib ki, soydaşlarımızı Qərbi Azərbaycan torpaqlarından zorla çıxaranlar və etnik təmizləmə siyasətini yerinə yetirənlər beynəlxalq müstəvidə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar: “Ermənistan tərəfi 4 minə yaxın itkin düşmüş soydaşlarımızla bağlı sorğularımıza cavab vermir, minalanmış ərazilərimizlə bağlı heç bir məlumat açıqlamır. Bu isə işğaldan azad olunmuş ərazilərimizə qayıdış və quruculuq prosesini ləngidir. Bundan başqa, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan 30 ildir blokada şəraitində yaşayır. Üçtərəfli Bəyanatda öz əksini tapan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiyaların təmin olunması müxtəlif bəhanələrlə təmin olunmur”. Səbinə Əliyeva beynəlxalq təşkilatlara səslənərək, Azərbaycana qarşı ədalətli mövqe göstərməyə, Qərbi azərbaycanlıların ləyaqətli və tam təhlükəsiz qayıdışına səssiz qalmamağa çağırıb.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova vurğulayıb ki, toponimləri və folklor nümunələrini öyrənməklə Qərbi Azərbaycan torpaqlarının tarixən Azərbaycan türklərinə məxsus olduğunu sübut etmək mümkündür. Alim qeyd edib ki, bu xüsusda olan yüzlərlə yer adını, tarixi faktları saxtalaşdırmaq heç nəyi dəyişmir. Çünki Azərbaycan xalqı öz tarixinə sahib çıxır: “Hesab edirəm ki, konqres min illərlə məskunlaşdığı, tarixi və təbii sərhədləri daxilində böyük maddi-mənəvi dəyərlərin nümunələrini yaşatmış xalqımızın son 200 ildə keçdiyi yolun bütün aspektlərdə əsl mənzərəsini ortaya qoyacaq.
Hər kəs elmi tədqiqatların təkzibolunmaz faktlarla ortaya qoyduğu məruzələrdə iki əsr müddətində geosiyasi vəziyyətlərin yaratdığı reallıqların ağrı-əzabları ilə yaşamış xalqımızın iradəsini görə biləcək”, – deyə o bildirib.
Bədii hissə ilə davam edən tədbir işini sabah davam etdirəcək.
10:14
Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” mövzusunda konqres keçirilir.
Rakus.az xəbər verir ki, qonaqlar ilk olaraq Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.
Tədbirdə bir sıra rəsmi şəxslərlə yanaşı, ölkəmizin və qardaş Türkiyənin nüfuzlu ali məktəblərinin rektorları, görkəmli tədqiqatçılar iştirak edirlər.
Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalılarımızın birgə təşkilatçılığı ilə baş tutur.