Nazir Almaniya nümayəndə heyətini qəbul etdi - FOTO
Energetika Nazirliyində Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Rakus.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlər, enerji əməkdaşlığı və regional məsələlər ətrafında müzakirələr aparılıb.
Energetika naziri Pərviz Şahbazov Azərbaycan – Almaniya əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edib və bu əməkdaşlığın bir çox sahələr üzrə, xüsusilə də enerji sektorunda daha da inkişafı üçün mövcud imkanları diqqətə çatdırıb.
Görüşdə enerji sektorunda alman şirkətlərinin iştirakı ilə həyata keçirilən layihələrdən, eləcə də Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin icra vəziyyəti, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi layihəsi kimi rolundan danışılıb.
Tomas Opperman Azərbaycanın beynəlxalq aləmdə mövqeyinə dair fikirlərini bölüşüb və bildirib ki, enerji diversifikasiyasında Azərbaycan Avropanın mühüm tərəfdaşıdır.
Söhbət zamanı parlamentlərarası əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıdığı bildirilib, Azərbaycan və Almaniya arasında digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.