“Neftçi” – “Qalatasaray” matçını şotlandiyalı fit çalacaq
Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Qalatasaray” matçının hakimləri bilinib.
UEFA-nın saytının məlumatına görə, oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Kevin Klansi olacaq. Ona Devid MakQiçi və Qrem Stüart kömək edəcək. Dördüncü hakim funksiyasını Yuan Anderson yerinə yetirəcək.
36 yaşlı Kevin Klansi artıq beşinci dəfə Azərbaycan təmsilçilərinin oyununu idarə edəcək. “Neftçi”nin oyununda isə ikinci dəfə iş başında olacaq. Beş il əvvəl Podqoritsa şəhərində keçirilən oyunda “Neftçi” “Mladost”la 1:1 oynayıb və UEFA Avropa Liqasında turnirdəki çıxışını başa vurub.
Həmin oyuna əlavə olunan birinci dəqiqədə meydan sahibləri qol vurub, oyun bitdikdən sonra ötən mövsüm “Qarabağ”da da çıxış etmiş braziliyalı müdafiəçi Aylton Fereyra Silvanın rəqib oyunçu ilə dalaşmasından sonra meydanda gərginlik pik həddə çatıb. Nəticədə Klansi “Mladost”dan Miloş Raduloviçi, “Neftçi”dən Aylton Fereyra Silva və ukraynalı qapıçı Maksim Vaylonu birbaşa qırmızı vərəqə ilə meydandan qovub. Xatırladaq ki, birinci və üçüncü futbolçu ehtiyat oyunçular skamyasında olarkən davaya qoşulublar.
“Neftçi”nin həmin oyundakı heyətindən yalnız Aqil Məmmədov və Mirabdulla Abbasov (ehtiyatda qalıb) indiki komandada qalıb.
Onun idarə etdiyi Azərbaycan təmsilçilərinin oyunlarını diqqətinizə çatdırırıq:
UEFA Avropa Liqasının 2012/13 mövsümünün I təsnifat mərhələsi. Bakı (12.07.2012). “İnter” – “Trans Narva” (Estoniya) 2:0
U-17 millilər arasında AVRO-2013-ün seçmə mərhələsi. Bolqarıstan (19.10.2012). İspaniya – Azərbaycan 2:0
UEFA Avropa Liqasının 2015/16 mövsümünün I təsnifat mərhələsi. Monteneqro (09.07.2015). “Mladost” – “Neftçi” 1:1
UEFA Çempionlar Liqasının 2016/17 mövsümünün II təsnifat mərhələsi. Lüksemburq (20.07.2016). “Düdelanj” – “Qarabağ” 1:1
Sentyabrın 17-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.