Neftin qiymətində dəyişkənlik riski mövcuddur – Vahid Ələkbərov
Rusiya neft sənayesində OPEC qeyri-müəyyənliyi davam edir.
Rakus.az xəbər verir ki, bu barədə Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov deyib.
“Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatlarına əsasən, qlobal neft tədarükü tələbatı ötəcək. Neftin qiymətində isə dəyişkənlik riski mövcuddur. OPEC və bəzi qeyri-OPEC ölkələri arasında razılaşdırılan neft hasilatının azaldılmasına dair sazişlə bağlı qeyri-müəyyənliklər davam edir. Rusiyanın neft şirkətləri arasında ümumi bir yanaşma yoxdur”, – o bildirib.
İyulun 1-2-də OPEC Nazirlər Şurasının 176-cı iclası, eləcə də OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşü keçiriləcək. Həmçinin “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclası iyulun 1-də təşkil ediləcək.
Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası cari ilin ilk yarısı üçün nəzərdə tutulur.