Nərimanlı gəncləri dövlətçiliyin güclənməsinə töhfə verirlər - FOTO
Qərbi Azərbaycanın Basarkeçər rayonu Nərimanlı kənd icmasının Nərimanlı kökənli gənclərlə görüşü keçirilib.
Rakus.az xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nərimanlı kənd icmasının sədri, Azərbaycan Tibb Universitetinin (ATU) müəllimi Şirazi İbrahimov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, gənclərlə görüşün əlamətdar bir dövrə təsadüf etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz ölkəmizin ərazi bütövlüyünü tam təmin edib, Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xankəndidə üçrəngli, ay-ulduzlu bayrağımızı dalğalandırıb, xalqımıza böyük sevinc yaşadıb. Bununla da tarixi ədalətin tam bərpa olunduğunu, bütün məcburi köçkünlərin doğma el-oba, yurd həsrətinə birdəfəlik son qoyulduğunu diqqətə çatdıran natiq Göyçə, Zəngəzur, İrəvan, Dərələyəz həsrətli soydaşlarımızın da belə bir sevinc yaşamasını arzulayıb.
O, Qərbi Azərbaycan İcmasının yenidən təşkilatlanmasından, yeni inzibati bina ilə təmin olunmasından, Prezident İlham Əliyevin öz doğum günündə İcmanın binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşməsindən, orada səsləndirdiyi fikirlərdən, tarixi torpaqlarımıza qayıtmaq üçün qarşıya qoyulan hədəflərdən, həyata keçirilən siyasətdən də geniş söhbət açıb. Bildirib ki, nəyi necə, nə zaman etməli olduğunu yaxşı bilən dövlət başçısı İlham Əliyev indiyə qədər xalqına verdiyi bütün vədləri yerinə yetirib və tarixi torpaqlarımıza dinc şəkildə qayıdışımızın təmin olunması ilə bağlı səsləndirilən fikirlər, verilən vədlər də mütləq həyatda öz təsdiqini tapacaq.
İcma sədri Ş.İbrahimov Nərimanlı kəndinin tarixindən, yetişdirdiyi şəxsiyyətlərdən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması üçün Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində iştirak edən, öz sahəsində fəaliyyəti ilə dövlətçiliyin daha da güclənməsinə töhfə verən, təhsildə böyük uğurlar qazanan nərimanlılardan da danışıb. Vurğulayıb ki, Birinci Qarabağ müharibəsində Nərimanlıdan 92 nəfər iştirak edib, onlardan 19-u şəhidlik zirvəsinə ucalıb, o cümlədən şəhid Şövqiyar Abdullayev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. İkinci Qarabağ müharibəsində isə 67 Nərimanlı kökənli şəxs iştirak edib, onlardan üç nəfər şəhid olub. İcma sədrinin sözlərinə görə, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində iştirak edərək qəhrəmanlıq nümunəsi göstərənlər müxtəlif orden və medallarla təltif olunublar.
O, Nərimanlı kənd sakinlərinin elmə, təhsilə bağlı olduqlarını da diqqətə çatdırıb. Bildirib ki, hazırda 300-ə yaxın Nərimanlı sakini səhiyənin müxtəlif sahələrində çalışır, peşəkar həkim kimi vətəndaşların sağlamlığının keşiyində dayanır. O, təhsilə, elmə, özünü inkişaf etdirməyə olan marağın bu gün Nərimanlı kökənli gənclər tərəfindən davam etdirildiyini, yaxşı bir ənənənin qorunub saxlanıldığını vurğulayıb. Natiqin sözlərinə görə, təkcə bu il qəbul imtahanlarında iştirak edən və tələbə adını qazananlar arasında 50-dən artıq Nərimanlı kökənli gənclərin olması deyilənlərə əyani misaldır.
Ş.İbrahimov həmin gənclərin sadəcə Nərimanlının deyil, ümumən Azərbaycanın fəxri olduqlarını vurğulayıb, gələcəkdə daha böyük uğurlara imza atmaqla və peşəkar fəaliyyətləri ilə xalqımıza, dövlətçiliyimizə, milli maraqlarımıza şərəflə, ləyaqətlə xidmət edəcəklərinə əminlik ifadə edib. İcma sədrinin sözlərinə görə, gənclərlə belə bir görüşün təşkili onların uğurlarının təbliği, Nərimanlı gəncləri arasında əlaqələrin qorunub saxlanılması, Qərbi Azərbaycan, o cümlədən Göyçə mahalı, Basarkeçər rayonu, Nərimanlı kəndi haqqında həqiqətlərin təbliği, milli-mənəvi dəyərlərimizin nəsildən-nəsilə ötürülməsi baxımından olduqca əhəmiyyətlidir.
Görüşdə Basarkeçər rayon icmasının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nuru Bayramov, tibb üzrə fəlsəfə doktorları Abbas Bağırov, Təbib İbrahimov, pedaqogika üzrə fəlsəfə doktoru Qələndər Aslanov, həkim Taleh Abbasov, Bakı şəhəri F.Nəcəfov adına 266 nömrəli tam orta məktəbin direktor müavini Asəf Vəliyev, eləcə də Nərimanlı kənd icmasının digər üzvləri Sahib Musayev, Əlvi İbrahimov, Ramiz Musayev, Namiq Aslanov, Emin Rüstəmov, Asdan Aslanov, Kamal Heydərov, Basarkeçər icması sədrinin mətbuat üzrə müavini İlqar İsmayıl çıxış edərək öz fikirlərini səsləndiriblər.
Görüşdə iştirak edən gənclər də özlərini təqdim edərək, təhsil aldıqları istiqamət, ixtisasları, fəaliyyətləri, gələcəyə dair arzuları və planları barədə məlumat veib, belə bir görüşün təşkilinə görə səmimi minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Nərimanlı kənd icmasında yeni yaradılan bölmələr və təyinatlar, həmçinin görüləcək işlər barədə də ətraflı məlumat verilib.
Görüşün bədii hissəsində Nərimanlı kökənli gənclər öz istedadlarını nümayiş etdiriblər. Göyçə Ömürlü, Musa Əmirov, Əlirza Süleymanov və Mərdan Hacı Dədə Qorquddan, göyçəli Aşıq Ələsgərdən bizlərə əmanət olan sazda müxtəlif ifalar edib, şeirlər səsləndiriblər. Milli Muğam Müsabiqəsində üçüncü yeri tutan Bayraməli Əliyev kamançada, Rinat Aslanov isə solo vokal ifada görüş iştirakçılarına duyğusal anlar yaşadıblar.
Sonda xatirə şəkilləri çəkdirilib.
Alpər TURAN