Norveç Şimal dənizinə neft sızması ehtimalını araşdırır
Norveçin Neft Təhlükəsizliyi İdarəsi Şimal dənizinə neft sızması ehtimalı ilə geniş təhqiqata başladığını elan edib.
Rakus.az xəbər verir ki, sızmanın ötən həftə “Equinor” Dövlət Neft-Qaz Şirkəti tərəfindən idarə olunan neft platformasında baş verdiyi güman edilir.
Norveç KİV-ləri yazır ki, “Equinor” mayın 15-də Şimal dənizinin səthində neft aşkar edəndən sonra “Statfjord A” yatağının işlənilməsini dayandırdığını açıqlayıb. Mütəxəssislər sızmanın məhz harada baş verdiyini və nə qədər neft sızdığını hələlik müəyyən edə bilməyiblər.
Təhqiqat çərçivəsində Neft Təhlükəsizliyi İdarəsinin əməkdaşları baş verən hadisənin səbəblərini və buna görə kimin məsuliyyət daşıdığını müəyyən etmək üçün qəzanın təfsilatını öyrənəcəklər.
Xatırladaqk ki, “Statfjord A” yatağı Şimal dənizində, krallığın eyniadlı vilayətinin yaxınlığında yerləşir. 1974-cü ildə kəşf edilən yatağın işlənilməsinə 1979-cu ildə başlanıb.