Novruz atributu üzərlik faydalıdır - VİDEO
Cənub bölgəsində Novruz bayramının vacib atributlarından biri də üzərlik hesab olunur.
Rakus.az xəbər verir ki, ilın 4 çərşənbəsində, Novruz bayramı axşamında toran düşəndə evlərdə, həyətlərdə ilk əvvəl üzərlik yandırılır. Ən əsası, üzərlik yandırmaq üçün od bayram məqsədilə qalanan tonqallardan götürülür. Evin xanımı yanan üzərliyi həyətin, ocağın, mənzilin 4 tərəfinə, ailə üzvlərinin başına çevirərək deyir.
“Üzərliksən havasan,
min bir dərdə davasan..
Bizlərə göz vuranın,
Görüm gözün ovasan.
Üzərliyim çırtdasın,
Yaman gözlər pırtlasın”.
İnanclara görə, üzərlik bədnəzərin düşmənidir. Amma bununla yanaşı, üzərlik həm də sağlamlıq üçün olduqca faydalıdır. Xüsusilə üzərliyin toxumlarından xalq təbabətində geniş istifadə olunur.
Bu bitkinin əsas faydalarından biri sinir sisteminə müsbət təsir göstərməsidir. O əsəbləri sakitləşdirərək zehni və fiziki gərginliyi aradan götürür, sağlam və dərin yuxunu təmin edir. Bunun üçün bir çay qaşığı qurudulmuş üzərlik otunu 250 qram suda dəmləmək və gün ərzində iki fincan qəbul etmək lazımdır.
Mədə və bağırsaqlarda yaranan problemlərdə üzərlikdən istifadə etmək məsləhət görülür. O bakteriyaları və mikrobları öldürmək gücünə malikdir. Bunun üçün üzərlik toxumlarından hazırlanmış çaya bal əlavə ediləndə daha effektli təsir göstərir.
Üzərlik ödqovucu xassəyə malikdir.
Ondan hazırlanmış həlim yaddaşı möhkəmləndirir.
Bu bitki həmçinin bəlğəmin təmizlənməsi üçün faydalıdır. Bu xüsusiyyətinə görə tənəffüs yollarında problemi olanlar və siqaret çəkənlər üçün xeyirlidir.
Üzərlik gözlərə müsbət təsir göstərərək görmə qabiliyyətini yaxşılaşdırır.
Bu bitkinin faydalarından biri də cinsi fəaliyyəti gücləndirməsidir. Hindistanda və Çində üzərlik yarpaqlarından hazırlanmış cövhərdən potensiya zəifliyinin müalicəsində istifadə olunur.
Qıcıqlanma və sürətli ürək döyüntüləri zamanı 1 çay qaşığı üzərliyin qurudulmuş yarpaqlarını 400 qram suda dəmləyib gün ərzində 3 dəfə yarım stəkan içmək problemi aradan qaldırır.
Üzərlikdən hazırlanmış dəmləmə və cövhərlərdən oynaq ağrıları zamanı da istifadə olunur.
Əgər inanclara inanmasanız da belə arabir üzərliyi başınıza fırlayıb odun üstünə atın. Çünki onun tüstüsündən gələn qoxu da faydalıdır.
Bu bitkinin faydalarından yararlanmaq istəsəniz həkiminizlə məsləhətləşməyi unutmayın.