Özbəkistanlı jurnalistlər MŞ-da oldu
Bu gün Özbəkistandan olan bir qrup jurnalist Azərbaycan Mətbuat Şurasında olub.
Rakus.az xəbər verir ki, qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov onlara Azərbaycan mediasının vəziyyəti ilə bağlı geniş məlumat verib. Parlament seçkiləri kimi mühüm hadisənin yaxınlaşdığını vurğulayan Şura sədri deyib ki, rəhbərlik etdiyi qurum bütün seçkilərdə olduğu kimi, yenə də medianın proseslə bağlı fəaliyyətinin monitorinqini aparmaqdadır. O, monitorinqin ilkin nəticələrinin artıq cəmiyyətə açıqlandığını bildirib, konkret tendensiyaları diqqətə çatdırıb. Ə.Amaşov həmçinin Azərbaycanda seçki mühitinin kifayət qədər dinamik olduğunu deyərəkəlavə edib ki, medianın iş prinsipləri bu dinamizmə tam adekvatdır.
Özbəkistan Milli Agentliyinin xüsusi müxbiri Ozode Mikmuradova, Özbəkistan Telekanalının əməkdaşı Mirzəxandan Avazov və ölkənin Dövlət Dünya Dilləri Universitetinin beynəlxalq jurnalistika fakultəsinin dosenti Nargiz Kosimova Azərbaycana səfərlərinin məqsədinin 9 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkisini işıqlandırmaq, prosesi müşahidə etmək olduğunu vurğulayıblar. Paytaxt Bakıda bir sıra media qurumlarında maraqlı görüşlər keçirdiklərini dilə gətirən jurnalistlər Azərbaycanda aktiv seçki mühitinin nəzərə çarpdığından və bunun formalaşmasında jurnalistikanın təsirinin pozitiv tərəflərindən söz açıb, təəssüratlarını bölüşüblər.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun da iştirak etdiyi görüşdə türk dünyasının media qurumları arasındakı əlaqələrə də toxunulub, mövcud istiqamətdə münasibətlərin dərinləşməsi ilə bağlı fikir mübadiləsi aparılıb.