PA rəsmisi Ermənistan tərəfdən döyüşən muzdluların dövlətlərinə müraciət etdi
Ermənistan tərəfində xarici ölkələrdən gətirilən muzdlu döyüşçülərin olması ilə bağlı Azərbaycanda kifayət qədər faktlar var.
Rakus.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanda xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin olması ilə bağlı suala cavab verib.
O bildirib ki, əldə olan faktlar, dəlillər bizim beynəlxalq miqyasda olan tərəfdaşlarımıza təqdim edilib:
“Ermənistan Silahlı Qüvvələrinin tərkibində Yaxın Şərqdən gətirilmiş terrorçular, muzdlu şəxslər iştirak edirlər. Onlar cəbhənin ön xəttinə çıxarılırlar. Təkcə bu gün deyil, həmişə Ermənistan muzdlulardan, terrorçulardan ölkəmizə qarşı istifadə edib.
Hətta son dövrlərdə bir sıra dövlətlərdə, Avropa ölkələrində olan erməni əsilli şəxslərin muzdlular kimi Azərbaycana qarşı gedən döyüşlərdə iştirak etməsi barədə faktlar var. Biz bu kanallardan istifadə edərək aidiyyəti ölkələrə müraciət edirik ki, öz vətəndaşlarına sahib çıxsınlar. Onları bu kimi qeyri-qanuni hərəkətlərdən çəkindirsinlər. Xüsusilə də Yunanıstandan və başqa ölkələrdən belə məlumatlar daxil olur.
Bir məqamı da onların diqqətinə çatdırırıq ki, əgər bu qəbildən olan şəxslər Azərbaycanın işğal altında olan ərazilərinə gəlib Azərbaycanın mülki əhalisinə, hərbçisinə qarşı silahdan istifadə edərlərsə, onlar beynəlxalq humanitar hüquqa əsasən, kombatant anlayışını daşıyırlar və legitim hərbi hədəfdirlər ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən də onların zərərsizləşdirilməsi istiqamətində bütün addımlar atılacaq”.