Paşinyanla görüşən erməni gəncdən Qərbi Azərbaycanla bağlı etiraf - FOTO - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni qızı azərbaycanlılara heyranlığını etiraf etdi” adlı veriliş efirə gedib.
Verilişdə gənc erməni diplomat, “Ilona” Educational Centerin rəhbəri İlona Sahakyanın erməni millətçiliyi ilə zəhərlənmiş duyğulardan imtina edib Ermənistanda hökm sürən xəstə mühitdən ayrılmaq, insani duyğularla dəyərlərə qiymət vermək istəyi vurğulanır.
Bildirilir ki, onun sosial səhifələrində məktəbli dövründə yazdığı məqalələr də daha sağlam yanaşma ilə həm tarixə, həm də gerçəyə nəzər yetirmək, çağdaş erməni gerçəkliyinə və tarixinə təbliğat maşınının gözü ilə deyil öz baxışları ilə yanaşmaq istəyi aydın görünür.
O, “Ermənistanın sovet keçmişindən epizodlar. “Ermənistan-Azərbaycan birgəyaşayışının izləri ilə” kitabı haqında yazdığı məqalədə dostluq məqamlarını qabartsa da Qərbi Azərbaycanda azərbaycanlılara aid yer adlarının dəyişdirilməsi, tarixi abidələrin ya saxtalaşdırılması, ya da dağıdılması faktlarından yan keçir.
Kitabda yalnız yaxşılığı axtaran gənc diplomat öz soydaşlarının dostluq pərdəsi altında məkrli siyasət həyata keçirərək azərbaycanlıları öz doğma yurdlarından dəfələrlə qovduğunu, onlara qarşı soyqırımı, vandalizm və cinayətlər törətməsini sanki unudur: “Lehvaz Zəngəzurun Meğri bölgəsində olan qədim Azərbaycan kəndidir. Bu kənd sovet dövründə erməni və türk olmaqla iki məhəlləyə bölünüb. 1968-ci ildə həmin iki məhəllə bir-birindən vadi ilə ayrılmışdı, onun sakinləri ermənilərin və azərbaycanlıların məhəllələrini birləşdirmək üçün körpü salmış və körpüyə “Dostluq” adını vermişdilər. 1918-ci il Njdenin Zəngəzurda törətdiyi qətliam nəticəsində kəndin əhalisi azalıb. Elə bundan istifadə edən daşnaklar 1920-32, 1939-45, 1946-56-cı illərdə müxtəlif yerlərdən erməni ailələrini gətirib kəndin kiçik bir hissəsində yerləşdiriblər. O körpü də yeni salınan kiçik məhəllə ilə kəndin əsas hissəsini birləşdiridi. 1988-ci ildə Lehvaz azərbaycanlıları ermənilər tərəfindən öz dədə-baba yurdlarından didərgin salındılar. “Dostluq” körpüsündən keçən ermənilər dinc azərbaycanlılara hücum edib, evlərini talayıb, əhaliyə zorakılıq tətbiq ediblər. Ümumiyyətlə, erməninin dostluq anlayışı qeyri-müəyyən və yalan üzərində qurulub. Bunu son 200 ilin tarixi sübut edir”.
Gənc diplomat kitab haqqında təəssüratında yazır: “Ermənistan-Azərbaycan dostluq səhifələrinə baxdıqca məni böyük xoşbəxtlik və dinc gələcəyə ümidlə dolu hisslər bürüdü. Yazımı azərbaycanlılara qəzəblənən erməni gənclərinə qarşı çıxan bir erməni kəndlinin sözləri ilə bitirirəm: “Onların adlarını necə silmək olar? Tarixlərini silmək mümkün deyil. Ümid edirəm ki, bir gün biz tarixi təkrarlayacağıq və dostluq körpümüzü quracağıq”.
Verilişin sonunda bildirilir ki, Ermənistanda sağlam düşüncəli, dinc yaşamaq istəyən erməni gənclərin belə çağırışları dostluq pərdəsi geyinib məkrli əməllərə, yeni cinayətlərə hazırlaşmaq niyyətli olmayacaq: “Şətin də olsa inanmaq istərdik ki, bu, revanşist niyyətin pərdələnməsi deyil, dürüst yanaşma olacaq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş sentyabrın 12-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.