Payızın havası belə olacaq
Azərbaycanda payız fəslində gözlənilən hava proqnozu açıqlanıb.
Rakus.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva mətbuat konfransında bildirib:
Havanın temperaturu kiçik müsbət fərqlə iqlim normasından yüksək olacaq. Bu fərq 0,5-0,7 dərəcə təşkil edir. Lakin hava bir qədər küləkli olacaq. Sentyabrın 26-dan 27-ə keçən gecə Bakıda və Abşeron yarmadasında küləkli hava şəraiti müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 15 -20 metrə çata bilər. Növbəti küləkli dövr sentyabrın 28-dən 29-a keçən gecə olacaq. Külək güclənsə də, şiddətli olmayacaq.
Oktyabr ayının ilk günlərində hava şəraiti nisbətən mülayim olacaq. Havanın temperaturunun 0,5-1 dərəcə iqlim normasından yüksək olacağı proqnozlaşdırılır. Yağıntılar bəzi şimal və şərq regionlarında normadan bir qədər artıq olacaq. Keçid dövrünə xas olan proseslər artıq noyabr ayının ikinci yarısından müşahidə olunacaq. Bu ayda arktik hava kütlələrinin ölkə ərazisinə müdaxiləsi digər payız aylarla müqayisədə daha tez-tez müşahidə olunur.
U.Tağıyeva əlavə edib ki, payız fəslində regionumuzda havanın temperaturu norma daxilində olacaq, kəskin soyuqlar gözlənilmir:
“Yağıntılar norma daxilində, bəzi ərazilərdə normadan çox olacaq. Çoxillik meteroloji müşahidələr göstərir ki, yayın və qışın necə keçməsi arasında əlaqələr mövcud deyil.
Etibarlı məlumatlar üç günlük və ya həftəlik olur. Bu dünya təcrübəsində də belədir. Fəsli proqnozların doğruluğu 60-70 faizdən çox deyil. İndi qış fəslində havanın neçə olacağı, qar yağıb-yağmayacağı barədə demək tezdir”.