Portuqaliyada futbolçular yardım göstərdilər
Portuqaliyanın peşəkar futbolçularının təşəbbüsü ilə yaradılan “Do Futebol para a Vida” (“Futboldan həyata”) həmrəylik layihəsi çərçivəsində bir həftə yarım ərzində 27000 avro toplanıb.
Rakus.az xəbər verir ki, bu vəsait COVID-19 pandemiyası zamanı çətinlik çəkən 211 nəfərin dəstəklənməsinə sərf olunacaq.
Aprelin 14-də “Real” və “Loreş” komandalarının kapitanları İbraim Kassama və Uqo Maçadonun təşəbbüsü ilə başlanmış layihə sosial şəbəkələrdə rəğbətlə qarşılanıb və 200-dən artıq insan köməyə hazır olduqlarını bildirib.
Layihəyə Portuqaliyanın tanınmış futbolçuları, o cümlədən oyunçular, məşqçilər, klub prezidentləri, hakimlər, biznesmenlər və hətta azarkeşlər qoşulub. Onlar ilkin zəruri ləvazimatlar alıb və ya bank hesablarına pul köçürüblər.
Koronavirusla bağlı iqtisadi vəziyyətin pisləşməsindən daha çox əziyyət çəkənlərlə əlaqəni tezləşdirməkdən ötrü bir neçə gündən sonra “Do Futebol para a Vida” təşəbbüsü üçün “Facebook” səhifəsi – “Campeonato Portugal – Campeonato das Oportunidades”, həmçinin veb-sayt (www.futebolparaavida.pt) açılıb.