Prezident fərman imzaladı
Prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Rakus.az xəbər verir ki, bu fərmanla “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi” təsdiq edilir, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:
Azərbaycan Prezidentinə:
– Mərkəzin nizamnaməsinin təsdiqi;
– nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
– icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
– Mərkəzin yenidən təşkili və ləğvi;
Nazirlər Kabinetinə:
– Mərkəzin illik maliyyə hesabatlarının təsdiq edilməsi;
– təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;
– xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;
Mərkəzə:
– inkişaf istiqamətlərinin, strateji məqsədlərinin və fəaliyyət planlarının Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirilməsi;
– strukturunun Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi.
Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Mərkəzin işçilərinin say həddini və əməkhaqqı fondunu Azərbaycan Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Mərkəzin inzibati bina ilə təmin olunması və maddi texniki bazasının möhkəmləndirilməsi üçün müvafiq tədbirlər görmək; Mərkəzin balansına verilən dövlət əmlakının qiymətləndirilərək onun nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini Mərkəz dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Mərkəz dövlət qeydiyyatına alınması üçün bu fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə müraciət edəcək; bu fərmandan irəli gələn digər məsələləri həll edəcək.
Maliyyə Nazirliyi bu fərmanla təsdiq edilmiş Nizamnamənin 5.1-ci bəndində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.