Prezident və xanımı vida mərasimində iştirak etdilər
Mayın 9-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı Arif Məlikov ilə vida mərasimi keçirilib.
Rakus.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mədəniyyət naziri Əbülfəs Qarayev vida mərasimində çıxış edərək Arif Məlikovun ömür yolu və bənzərsiz yaradıcılığı barədə danışıb. Nazir vurğulayıb ki, Arif Məlikovun Nazim Hikmətin librettosuna yazılmış “Məhəbbət əfsanəsi” baleti görkəmli bəstəkara dünya şöhrəti qazandırıb. Bu balet ilk dəfə 1961-ci ildə Sankt-Peterburq Akademik Mariinski Teatrında tamaşaya qoyulub. Arif Məlikov səkkiz simfoniya, “Nağıl”, “Vətən”, “Metamorfozlar”, “Axırıncı aşırım” simfonik poemalarının, süitaların, “Bu torpaqda iki nəfər”, “İki qəlbin dastanı” baletlərinin, “Torpağın səsi” kantatasının, “Dalğalar” operettasının, Nazim Hikmətin sözlərinə üç romans silsiləsinin, fortepiano və orkestr üçün konsertin, kamera-instrumental əsərlərin, kinofilmlərə, dram tamaşalarına musiqilərin, bir çox mahnıların müəllifidir. Bəstəkarın musiqiləri bu gün dünyanın bir çox ölkələrinin möhtəşəm teatr və konsert salonlarında, dövlət tədbirlərində, mədəniyyət günlərində, beynəlxalq musiqi festivallarında uğurla səslənir.
Arif Məlikovun musiqisində fikir dərinliyi, gözəllik, qeyri-adilik, coşqunluq, müasirlik və bunların vəhdətində orkestri ustalıqla cazibəyə salaraq təbii ahəngdə idarə etmək qabiliyyəti çox güclüdür. Məhz Arif Məlikovun taleyinə yazılmış bir ömrün əfsanəsi yarım əsrdən çoxdur ki, dünyanın sənətsevərlərini öz cazibəsində saxlamaqdadır.
Əbülfəs Qarayev deyib ki, Arif Məlikovun ümummilli lider Heydər Əliyevə ithaf etdiyi 8-ci “Əbədiyyət” simfoniyası Azərbaycan musiqi mədəniyyətinin növbəti sənət zirvəsindədir.
Vidam mərasimində Bakı Musiqi Akademiyasan rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova və Arif Məlikovun tələbəsi bəstəkar Ceyhun Allahverdiyev çıxış edərək Arif Məlikovun bənzərsiz sənət dünyasından söhbət açıblar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər.
Vida mərasimindən sonra görkəmli bəstəkarın cənazəsi son mənzilə yola salınıb.
Mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb. (Trend)