“Qalatasaray” səfərdə, “Fənərbağça” öz evində qalib gəldi - FOTO
Mayın 11-də futbol üzrə Türkiyə Superliqasının 32-ci turu çərçivəsində çempionatın lideri “Qalatasaray” səfərdə “Rizespor” komandası ilə qarşılaşıb.
Rakus.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.
Oyunda hesabı 9-cu dəqiqədə “Qalatasaray”ın yarımmüdafiəçisi Sofian Fequli açıb. İlk hissənin sonlarında “Rizespor”un heyətində Vedat Muriqi hesabı bərabərləşdirib – 1:1.
İkinci hissənin 76-cı dəqiqəsində Aminu Umar meydan sahiblərini hesabda irəli çıxarsa da, “Qalatasaray”ın hücumçusu Mbaye Diaqne 90-cı dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib – 2:2. Çempionluq uğrunda “Başakşəhər” ilə kəskin rəqabəti sonuncu tura qədər davam etdirmək üçün vacib üç xalı qazanmalı olan istanbullular görüşün əsas vaxtına əlavə olunan hissəsinin 7-ci dəqiqəsində (97) istəklərinə çatıblar. Mbaye Diaqne hava ötürməsini başla dəqiq tamamlayaraq komandasına vacib üç xalı qazandırıb – 3:2.
Beləliklə, bu qələbədən sonra xallarının sayını 66-ya çatdıran “Qalatasaray” hazırda Türkiyə çempionatında vahid liderliyini davam etdirir. Bir oyun az keçirən “Başakşəhər” 63 xalla ikinci pillədədir. “Beşiktaş” isə 59 xalla üçüncü sırada qərarlaşıb.
“Başakşəhər” 32-ci turda doğma meydanda “Ankaragücü”, “Beşiktaş” isə ev oyununda “Alanyaspor”u qəbul edəcək.
Türkiyə Superliqasının 33-cü turunda “Qalatasaray” – “Başakşəhər” matçı oynanılacaq. “Qalatasaray” həmin oyunda qalib gələcəyi təqdirdə çempionluğunu elan edəcək.
Mayın 11-də futbol üzrə Türkiyə Superliqasının XXXII turunda “Fənərbağça” komandası öz meydanında “Akhisarspor”u qəbul edib.
Rakus.az xəbər verir ki, oyun İstanbul komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda meydan sahiblərinin heyətində 28-ci dəqiqədə Roberto Soldado, 30-cu dəqiqədə Nabil Dirar fərqləniblər.
Qonaq komandanın heyətində isə Helder Barbosa 45-ci dəqiqədə topu rəqib qapıdan keçirib.
Beləliklə, bu qalibiyyətdən sonra xallarının sayını 40-a çatdıran İstanbul təmsilçisi Türkiyə çempionatında 10-cu sıraya yüksəlib. “Akhisarspor”un isə çempionatın yekunlaşmasına iki həftə qalmış superliqanı tərk edəcəyi dəqiqləşib.
Turun digər oyunu olan “Göztəpə” – “Sivasspor” matçında 3:3 hesablı heç-heçə qeydə alınıb.
Xatırladaq ki, hazırda “Qalatasaray” 66 xalla çempionatın vahid lideridir. Bir oyun az keçirən “Başakşəhər” 63 xalla ikinci yerdə, “Beşiktaş” isə 59 xalla üçüncü pillədədir.