“Qaloş piri” biabırçılığına aydınlıq gətirildi - VİDEO
“Sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər səs-küylü müzakirələrə səbəb olub. Müzakirələrin səbəbi isə insanların nicat tapmaq üçün gəldiyi pirdə başına qaloş sürtdürməsidir. İddialara görə, qaloş burada yaşayan Seyid Miribiş ağaya məxsusdur”.
Rakus.az xəbər verir ki, , Goranboy rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimov məsələ ilə bağlı açıqlama verib.
M.İbrahimov deyilənlərin həqiqətə uyğun olmadığını bildirərək, müzakirələri yersiz adlandırıb:
“Orada insanların başına çəkilən qaloş deyil. Qaloşdan söhbət də gedə bilməz. Seyid Miribiş ağa 1972-ci il iyunun 8-də dünyasını dəyişib. Hər il iyunun 8-də Seyidin ildönümü qeyd edilir, nəvələri ona ehsan süfrəsi açırlar. Ehsan süfrəsinə ətraf kəndlərdən insanlar gəlir. O görüntülər də ildönümündə çəkilib. Ehsan süfrəsi açılır, insanlar bir tikə yeyib gedirlər. Burada pis heç nə yoxdur. İnsanlardan ocağa hörmətlə yanaşmağı xahiş edirəm, şəkk edib pis-pis şeylər yazmaq düzgün deyil”.
M.İbrahimov qeyd edib ki, insanların başına çəkilən mərhumun papağı olub:
“Sadəcə baş geyimini sellafona büküb nümayiş etdirirlər. Eyni zamanda, istəyə uyğun olaraq, insanların başına çəkirlər. Bu məlumatları kim yayıb, niyə yayıb – onu deyə bilmərəm. Amma görünür ki, süni ajiotaj yaratmaqdan başqa bir şeyə xidmət etmir”.
Rayon rəsmisinin sözlərinə görə, hazırda Seyidin evində onun nəvələri yaşayır:
“Evdə yaxınları, ailə üzvləri yaşayırlar. Seyidin oğlu rəhmətə gedib. Videoda büstün yanında papağı nümayiş etdirən nəvəsi Seyid Xəlildir. Seyidin babaları keçmişdə İrandan gəliblər. Özləri Goranboyda doğulub, burada boya-başa çatıblar. Seyid özü də, oğlu da rayonda rəhmətə gedib”. (Modern.az)