Qapılarımızda daha güllə səsi eşidilməsin…
Təxminən yarım saata yaxındır içindəki yazıları oxuduğum “Güllə səsinə açılan qapı” kitabını bağlayıb masamın üzərinə qoyuram. Başımı ovuclarımın arasına alır, gözümü yumur və fikirləşirəm-beynim dolub sanki. Düşündüyüm isə Azərbaycanın bütövlüyü, vətənin birliyidir. Təsadüfi deyil. Çünki bayaqdan bəri oxuduğum bütün məqalələr, müsahibələr elə bu mövzudadır. Hər birində Vətən təəssübü hiss olunur. Axı “Güllə səsinə açılan qapı” müəllifin özünün də dediyi kimi Azərbaycanı bütöv görmək istəyənlər üçündür…Deməli, burada Vətəndən danışılması da təəccüblü deyil.
Kitabın müəllifi haqqında üç il əvvəldən eşitdiyim, sonradan qiyabi tanış olduğum və ilk dəfə bu yaxınlarda görüşdüyüm Tamxil Ziyəddinoğludur. Tamxil müəllim Hərbi Jurnalistlər Birliyinin sədri, əvvəllər AzTV-də hərbi-vətənpərvərlik baş redaksiyasının baş redaktoru, hazırda isə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-in İnformasiya Proqramları Studiyasının direktor müavini və həm də 2008-ci ildən çap olunan “Bütöv Azərbaycan” qəzetinin təsisçisidir. Onunla tanışlığım da elə adını çəkdiyim qəzetlə başlayıb. Müəllimlərimizdən dosent Mahmud Mahmudovun tövsiyəsi ilə qəzetə müntəzəm olaraq yazılar göndərirdim. Sağ olsun, Tamxil müəllim də etimad göstərir, dərc etdirirdi onları. Əslində elə ilk vaxtlardan Mahmud müəllimin dedikləri məndə inam yaratmışdır ki, “Bütöv Azərbaycan”da da imzam görünəcək: “Tamxil müəllim əsl jurnalistdir. Mən onun müəllimi olmuşam. Bir neçə cəhddən sonra bu fakültəyə qəbul olsa da, qəlbindəki jurnalistiikaya olan sevgi heç vaxt ölməyib. Çox vətənpərvər insandır. Hər dəqiqə, hər an vətənini, vətənin sabahı olan gəncliyi düşünür. Tamxil müəllimlə əməkdaşlıq edin. O, sizin hər birinizə kömək edəcək.”
Bu gün nəzəriyyəçiləri düşündürən əsas mövzulardan biri budur ki, peşəkarlıq, yoxsa vətənpərvərlik öndədir? Bunu dəqiq bilmirəm. Dəqiq bildiyim odur ki, Tamxil müəllimdə ikisi də eyni dərəcədə-ən yüksək səviyyədədir. Onunla cəmi bircə görüş bunu deməyə əsas verir. Yuxarıda adını çəkdiyim “Güllə səsinə açılan qapı” kitabından bir nüsxə götürmək üçün AzTV-yə getmişdim. Mühafizə işçiləri qeydiyyat kağızım olmadığına görə məni içəri buraxmadılar və naəlac müəllifə zəng edib, üzrxahlıqla vəziyyəti dedim. Sanki buna bənd imiş kimi cavab verdi ki, gözlə, gəlirəm. Dediyi kimi, divanda oturub gözləməyə başladım. Hiss edirdim ki, yavaş-yavaş həyəcanlanıram. Gözlədiyim ziyalı insanın qəfildən qarşımda peyda olub təbəssümlə əl uzatması və divanda qarşımda əyləşməsi ilə bütün həyəcanım çəkilib getdi. Elə bil ki, illərdir tanıyırdı məni. Əvvəlcə, dərslərimlə maraqlandı. Sonra isə müasir mətbuatımızın vəziyyətindən, vətənin dar günündən, Qarabağsızlıqdan, Zəngəzursuzluqdan danışmağa başladıq. O danışdıqca mənə elə gəlirdi ki, həmsöhbətim hər sözü tələffüz etdikcə sanki ürəyini boşaldır, mənəvi rahatlıq tapırdı. Gözlərinə diqqətlə baxaraq ürəyindən keçənləri oxumaq istəyirdim. Amma bacarmırdım. Gözlərindəki həsrət pərdəsi çox qalın idi…
Xeyli danışdıq. Söhbətimizin sonunda müəllimlərə salam göndərdi. Bəlkə də, vətənpərvərlik birbaşa olaraq məhz vəfa, sədaqət kimi insani hisslərlə bağlıdır…
“Güllə səsinə açılan qapı”nın ilk səhifəsində bu sözlər yazılıb: “…Ölənimiz ölsün, qalanımız şərəflə yaşasın! Yaşasın ki, yurdumuzu, sərvətimizi, şərəfimizi qorusun, bayrağımızı uca tutsun!”
Nə qədər ki, sizin kimi qələmini silaha çevirən, sərrast sözü ilə mübarizə aparan vətəndaşlarımız, jurnalistlərimiz var bizim bayrağımız həmişə uca tutulacaq, Tamxil müəllim!
Deyirsiniz ki, biz Cənubi Azərbaycanı azad etmədən, Türk dünyasını birləşdirmək mümkün olmayacaq. Qarabağın nicatı da Şimalla Cənubun birləşməsindən, Vahid Azərbaycan dövlətinin yaranmasından asılıdır. Bizim 50 milyonluq soydaşımız var. Bu qüvvəni birləşdirməliyik ki, heç bir xarici qüvvə öz iradəsini bizə diktə edə bilməsin.
Bilirəm, bir tərəfdən vətəndaşlıq mövqeyi, itkin torpaqlarımızın təəssübü sizə rahatlıq vermir. Digər tərəfdən isə yenə yüksək vətəndaşlıq ruhuna malik olmağınız “Nə vaxtsa tarixi ədalət bərpa ediləcək, Azərbaycan artıq inkişaf mərhələsinə qədəm qoyub, bundan sonra bizi ancaq işıqlı günlər gözləyir”-deyə ürəyinizin ən dərin qatlarında düşünməyinizə səbəb olur. Mən optimistəm. Günəşin nə vaxtsa tapdaq altında olan torpaqlarımızda doğacağına inanıram. Siz də inanın. Biz Azərbaycanın bütövlüyünü birlikdə görəcəyik. Mütləq görəcəyik!
Kənan Novruzov,
BDU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi