“Qara qızıl” 4-cü həftəni də qazancla tamamladı – TƏHLİL
Dünya birjalarında neftin qiyməti ardıcıl 4 həftəni qazancla keçirməyə yönəlib.
Rakus.az xəbər verir ki, “qara qızıl”ın qiyməti gələn həftə keçiriləcək OPEC-in toplantısı ərəfəsində ardıcıl 4-cü həftəni də qazancla tamamlayır. Beləliklə, neftin qiyməti aprel ayından bəri ən uzun müddətli həftəlik qazancına yönəlib.
OPEC hazırkı hasilat səviyyələrinin qorunacağı təqdirdə 2020-ci ildə neft bazarının sabitləşəcəyini gözləyir.
Ekspertlərə görə, OPEC və tərəfdaşları (“OPEC plus”) neft hasilatının həcmini daha çox azaltmayacaq, lakin istehsal məhdudiyyətləri ilə bağlı sazişin müddətini uzadacaq.
KİV-lər isə OPEC-in neft hasilatının azaldılması üzrə sazişin müddətini daha 3-6 ay uzadacağını nəzərdə tutur.
Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 63,5 dollardan, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 58 dollardan baha satılır.
Xatırladaq ki, dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək. Dekabrın 4-də isə Vyanada OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq.
Ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.