“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri”
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, buraxılışda tarix elmləri doktoru, professor Nəcəf Müseyibli Qərbi Azərbaycanda qayaüstü təsvirlər, qədim dəfn adətləri və digər məsələlərdən danışıb.
O bildirib ki, Qarabağ, Zəngəzur və Qərbi Azərbaycan eyni mədəniyyət xəttindədir: “Qərbi Azərbaycan qayaüstü təsvirləri eyni mədəni qatlara aiddir. Arxeoloji faktlar azərbaycanlıların bu torpaqlarda avtoxton olduğunu sübut edir. Azərbaycan xalqının ulu əcdadları bu torpaqlarda formalaşıb”.
Onun sözlərinə görə, Qobustan qayaüstü rəsmləri azərbaycanlıların etnogenez tarixini sübut edir: “Qayaüstü təsvirlər azərbaycan xalqının köklərini göstərir, folklor motivləri ilə üst-üstə düşür. Qobustan və Gəmiqaya eyni mədəniyyətin izləridir və azərbaycanlıların daş yaddaşıdır. Qobustan arxeoloji tapıntıları erməni iddialarını təkzib edir. Naxçıvan arxeoloji qazıntıları regionun keçmişini yenidən yazır”.
Ermənilərin qədim tarix iddialarının elmi baxımdan iflasa uğradığını söyləyən tarixçi deyib ki, ermənilər və gürcülər Xocalı-Gədəbəy mədəniyyətini gizlətmək istəyirlər.
N. Müseyibli Təzəkənd mədəniyyətinin necə Karmirberd adı ilə dəyişdirilməsinə, Qərbi Azərbaycanda qayaüstü təsvirlər və qədim dəfn adətlərinin nəyi sübut etməsinə aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş fevralın 21-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.














