Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Göygöl Rayon Mədəniyyət Evində tibb üzrə fəlsəfə doktoru Abbas Göyçəgölün tərtib və nəşr etdirdiyi “Nərimanlı – Hüseynquluağalı aşıqları və şairləri”, “Gəncədə göyçəli Becanı gördüm” kitablarının təqdimatı keçirilib.
Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Göygöl Rayon Mədəniyyət Mərkəzi və Qərbi Azərbaycan İcması Göygöl rayon Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, idarə, müəssisə, təşkilat əməkdaşları, Bakı, Gəncə şəhərləri, Göygöl rayonundan olan ziyalılar, şairlər və aşıqlar iştirak ediblər.
Şair-publisist Salman Qaralar tədbirin aparıcısı olaraq bugünkü məclisin mahiyyət və məzmunundan söz açıb: “Səfəvilər dövlətinin tarix səhnəsinə çıxması ilə doğudan batıya, güneydən qüzeyə qədər bütün Azərbaycan torpaqları Təbriz paytaxt olmaqla vahid bir mərkəz ətrafında birləşdirildi. Bu dövlətin yaradıcısı, qızılbaşların “mürşüdi – kamil”i olan Şah İsmayıl bir əlində qılınc, bir əlində saz tutaraq dövlətin böyüklüyünü, bütövlüyünü onun mədəniyyəti ilə, sazı ilə, sözü ilə tamamladı.

Bir gün ələ almaz olsam mən sazım,
Ərşə dirək – dirək çıxar avazım.
Dörd şey vardır bir qarındaşa lazım,
Bir elm, bir kəlam, bir nəfəs, bir saz, – deyən Şah İsmayıl həm özü Xətai təxəllüsü ilə qoşmalar qoşdu, həm də Miskin Abdal kimi saz – söz xiridarlarını qorudu, onlara dəstək oldu. Miskin Abdal ocağının şəfası, sənətinin ziyası bütün Göyçə mahalını bürüdü. “Kitabi – Dədə Qorqud”da adı çəkilən Göyçə gölünün sahillərindən ətrafdakı dağ zirvələrinə qədər bitən al-əlvan çiçəklər kimi bu mahalın hər elində, obasında söz göyərdi, saz dil açdı, pərdə – pərdə ucaldı, dalğa – dalğa yayıldı. Ağ Aşığın – Aşıq Allahverdinin Qurandan, dindən, irfandan mayalanan hikmət yüklü sözlərindən bəhrələnən Aşıq Alı bənzərsiz söz gülşəni becərdi. Aşıq Alının şəyirdləri bu saz – söz arealını daha da genişləndirdilər. Dirili Qurbanidən, Abbas Tufarqanlıdan, Xəstə Qasımdan üzü bu yana sıralanan sənət zirvəsinin yeni bir ucalığı, təzə bir yüksəkliyi Dədə Ələsgərlə kəşf edildi, təsdiqləndi, tamamlandı.
Mahalın Basarkeçər rayonu ərasində yerləşən Nərimanlı ( Hüseynquluağalı ) kəndi tanınmış ziyalıları, elm və dövlət xadimləri ilə fərqlənən, tanınan oymaqlardan, kəndlərdən biridir. 1971-ci il avqustun 25-də bu kənddə dünyaya göz açmış Abbas Əli oğlu Bağırov tibb üzrə fəlsəfə doktoru olsa da, dini, irfani, fəlsəfi məsələlərə, poeziyaya, xüsusən də aşıq ədəbiyyatına xüsusi maraq göstərib. Həkim hacı Abbas xeyirxah bir addım ataraq doğma kəndində bu və ya digər dərəcədə şeir yazmağı bacaran, poeziyaya həvəs göstərən adamların yaradıcılığından gərəkli nümunələri seçərək ötən il kitab halına salıb.
Dostu heç vədə özümdən,
Seçməmişəm, mən əzizim, – deyən tərtibçi şeir yazan, bədii sözə könül verənlərin heç birinin kənarda qalmasını rəva bilməmiş, bu söz çələnginə hərədən bir çiçək daxil edib. “Nərimanlı – Hüseynquluağalı aşıqları və şairləri” adlanan bu kitab nə az, nə çox, cəmi 720 səhifədən, 44 nəfər sözə bələd insanın yaradıcılıq nümunələrindən ibarətdir. Bu rəngarəng “Poeziya çələngi”ndə dini, irfani mövzulara üz tutan Bəhman Qarayev (Aşıq Bəhman), ustad ifaçı aşıq İslam Qarayev, Xəstə Bayraməli kimi söz xiridarları ilə bərabər orta və gənc nəslin nümayəndələrinin əsərlərinə də yer verilib.
Kitaba filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Səmimi tərəfindən ön söz yazıb.
Hacı Abbas Bağırov 2024-cü ildə isə “Gəncədə göyçəli Becanı gördüm” şərh kitabını da hazırlayıb çap etdirib. Bu kitabların nəşrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasına göstərdiyi diqqət və qayğının əsasında meydana çıxan bir fəaliyyət kimi də qiymətləndirmək olar. Qərbi azərbaycanlıların ən sıx məskunlaşdığı bölgələrdən biri olan Gəncəbasarda, o cümlədən Göygöl rayonunda saza, sözə, ədəbi – mədəni tədbirlərə geniş yer verilir”.
Aparıcının giriş sözündən sonra müəllif Abbas Göyçəgöl çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yorulmaq bilmədən apardığı daxili və xarici siyasətin uğurlarından, Qərbi Azərbaycan İcmasına göstərdiyi qayğı və diqqətdən bəhs edib, bu kitabların nəşr edilməsini Göyçə mahalının folklorunun, milli-mənəvi dəyərlərinin qorunması yolunda ürəyindən gələn bir təşəbbüs kimi qiymətləndirib. Bir mahalda cəmi bir kənddən 200-dən çox həkimin, bir çox başqa sənət adamlarının, dövlət xadimlərinin, 44 nəfərin şairlik təbinin olmasını böyük mənəvi xəzinə adlandırıb. Şeirləri kitaba daxil olanlardan 11 nəfəri qadındır. Bu saz-söz daşıyıcılarından Bəhman Qarayev, Xəstə Bayraməli kimi dinə, irfana bağlı şairlərin əsərləri gənc nəslin əqidəli, haqsevər, yurdsevər böyümələrinə mənəvi stimul verəcəkdir. O, Qərbi Azərbaycan torpaqlarına dönüşün olacağına qəlbən inandığını söyləyib. O, Nərimanlı aşıq və şairlərinin şeirlərində islami dəyərlərin ən üstün yer tutduğuna bir bənd şeirlə nümunə göstərib:
Bəhmanın dediyi doğru isbatdı,
Bu sözlərim yatanları oyatdı.
Haqq Əşrəfi Məhəmmədi yaratdı,
Çiynində nübüvvət möhrü nur oldu.
Göygöl RİH -nin müavini K. İbrahimova, QAİ Göygöl rayon Nümayəndəlinin sədri H. Ömərov və digər natiqlər də öz çıxışlarında Abbas Göyçəgölün bu kitabları nəşr etdirməyini xeyirxah bir iş, doğma yurd yerlərinə qayıdış üçün mənəvi hazırlıq, milli köklərə məhəbbət kimi qiymətləndiriblər.
Tədbirin gedişində kitablardakı şeirlərdən müəyyən parçalar söyləyən şagirdlərə Dədə Ələsgər Ocağı İctimai Birliyi tərəfindən verilmiş Təşəkkürnaməni Abbas Bağırov təqdim edib.
Çıxış edənlərlə növbəli şəkildə Əməkdar mədəniyyət işçisi Aşıq Fətullah Göyçəlinin, Aşıq Elbrus Hüseynovun, Aşıq Şöhrət Kərimovun, Aşıq Saleh Tağıyevin, Aşıq Ələddin Göyçəlinin, Aşıq Firəddin Mehdiyevin ifasında rəngarəng saz havaları üstündə oxunan vətən həsrətli şeirlər tamaşaçıların xəyallarını ağrili – acılı keçmişdən ümidli gələcəyə doğru qanadlandırıb. Əməkdar mədəniyyət işçisi İbadət Allahverdiyev balabanda aşıqları böyük məharətlə müşayiət edib.

Tədririn sonunda Hacı Abbas Bağırov deyib: “Aşıqlar içərisində ilk dəfə “Əməkdar incəsənət xadimi” adını alan İslam Yusifov demişkən min illər ərzində sazımızla sözümüz çiyin-çiyinə yol gəliblər.
Mən Aşıq İslamam, sözüm, söhbətim,
Elin sənətidi mənim sənətim.
Elimin adıyla artır şöhrətim,
Azad bir aşığam, anlıyan bilir.
İmzası poeziyasevərlərə yaxşı tanış olan Xəstə Bayraməli yazırdı:
O Göyçə gözəli boylanıb yola,
Məcnun xəyalımı çəkməsin ala.
Vüsal köhlənimi çapıb dördnala,
Hicran karvanımı yorsam, ölmərəm.
Göyçəlilərin Göyçə mahalından sonuncu dəfə məcburi köç karvanı 1988-ci ilin noyabr-dekabr aylarında baş verəndə
Tarixmi tamamdı, vədəmi çatdı?
Susub kiriməzdi, kiridi Göyçə, – deyən böyük el sənətkarı Bəhman Vətənoğlu həmin şeirin son bəndini belə tamamlamışdı:
Möcüzə baş verər, elə an gələr,
A Bəhman, qayıdar o dövran gələr.
Bu, qoca tarixdi, bir zaman gələr,
Bir də görərsən ki, diridi Göyçə.
Göyçəmizin, Vedimizin, Dərələyəzimizin, Zəngəzurumuzun diriləcəyi ümidi ilə bu gün ruhumuz təzələndi, xəyalən ulu yurd yerlərinə qayıtdıq. Ölənlərin ruhları şad oldu, qalanların könülləri o ucalıqları gəzdi, dolandı. İnşallah, uğurlu illərin, sayalı günlərin birində faktiki olaraq o yerlərə qayıdarıq. Dədə Qorqud demiş, ala alaçığımızı goy çəmənli yurd yerlərində tikərik. Zəhməti keçən, vaxt ayırıb gələn hər kəsə təşəkkür edirəm”.
Salman Qaralar ( Balakişiyev )














