“Paşinyan seçkilərdə əlavə 10 faiz səsi Qərbi Azərbaycanlılardan toplamağa çalışır?“ - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, “Adibekyan: Geri qayıdan azərbaycanlılar da Paşinyana səs verəcəklər” adlı süjetdə rəsmi İrəvanın Qərbi azərbaycanlıların qayıdışını rəsmi şəkildə qəbul etməsinin erməni ictimaiyyətində qızğın müzakirələrə səbəb olmasından bəhs olunur.
Bildirilir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanın sözlərindən belə anlaşılır ki, rəsmi Bakı və İrəvan pərdəarxası müzakirələrdə azərbaycanlıların qayıdışını müzakirə edir və Ermənistan tərəfi bu tələbi qəbul edib: “Sülh müqaviləsi imzalanandan 5 dəqiqə sonra Ermənistan və Azərbaycan xalqları bir-biri ilə hər cür şəkildə ticarətə və ünsiyyətə başlayacaqlar. Ermənilər Bakıda yaşaya, azərbaycanlılar Ermənistan ərazisində vaxtilə yaşadıqları kəndlərə qayıda bilərlər. Hər iki ölkənin cəmiyyətləri sülhə hazır olmalıdır”.
Qeyd olunur ki, Qarabağdan qaçan separatçılarla Qərbi azərbaycanlıların öz evlərinə qayıdışını eyniləşdirmək absurddur. Çünki separatçıların məqsədi Azərbaycana qarşı ərazi iddiası sürməkdir, Qərbi azərbaycanlıların doğma yurduna qayıdışı isə beynəlxalq hüququn tələbidir.
Ermənistan ictimai rəyində “azərbaycanlılar qayıdır” fikirləri ciddi şəkildə müzakirə yaradıb. Belə ki, Azərbaycan üzrə ekspert Armine Adibekyan, politoloq Artuq Xaçikyan, keçmiş erməni diplomat Edqar Qazaryanın fikrincə, Paşinyan hakimiyyəti azərbaycanlıların Ermənistana qayıdışına artıq razılıq verib: “300 minlik azərbaycanlı icması Ermənistana qayıdacaq və bu o deməkdir ki, Azərbaycan azərbaycanlıları qorumaq üçün Ermənistana təhlükəsizlik qüvvələri yerləşdirmək hüququna malik olacaq. Paşinyan seçkilərdə əlavə 10 faiz səsi Qərbi Azərbaycanlılardan toplamağa çalışır. Qərbi Azərbaycana qayıdacaq azərbaycanlıların yaşaması üçün Bakı əlavə maliyyə yardımı ayıracaq. Ermənistana azərbaycanlılarla yanaşı, onları qorumaq üçün Azərbaycan polisi də gələcək. Otuz ildən çoxdur qaçqın kimi yaşayan azərbaycanlıların sayı artıq 1 milyonu keçib və Ermənistana 1,5 milyona yaxın azərbaycanlının qayıtması gözlənilir”.
“Fakt” nəşri isə yazıb ki, Paşinyan Tiranada Əliyevə azərbaycanlıların qayıdışının təmin ediləcəyi sözünü verib: “Əvəllər “azərbaycanlıların qayıdışı” nağıl kimi görünürdü, lakin artıq Ermənistan hakimiyyəti bu barədə danışır, qayıdışa hazır olmaq çağırışları edir və biz tezliklə belə bir reallıqla üzləşəcəyik”.
Sonda vurğulanır ki, A.Simonyanın dedikləri Qərbi azərbaycanlıların qayıdışının Ermənistanda rəsmi şəkildə qəbul edilməsi, erməni ekspertlərin dedikləri isə qayıdış prosesinin necə baş verəcəyinin izahıdır”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında iyunun 5-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.