“Qətlə yetirilən diplomatlarımızı hörmətlə anırıq” – İSTAD rəhbəri
“Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasında ən vacib dövlət xadimlərindən olan və İstanbulda qaldığı “Pera Palace” otelinin qarşısında erməni terrorçu Misak Torkakyan tərəfindən qətlə yetirilən Behbud xan Cavanşirin xatirəsinin məhz İstanbulda əbədiləşdirilməsi mühüm hadisədir”.
Rakus.az xəbər verir ki, bunu İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) rəhbəri Səfər Qaraqoyunlu bildirib.
Bu abidənin erməni terrorçuları tərəfindən bu günə qədər azərbaycanlılara və türklərə qarşı törədilən cinayətlərin bir nümunəsi olduğunu vurğulayan S.Qaraqoyunlu deyib: “Terrorun hər növünü şiddətlə qınayır, Behbud xan Cavanşirin simasında xaricdə qətlə yetirilən bütün diplomatlarımızı rəhmət və hörmətlə anırıq”.
Aradan 98 il keçməsinə baxmayaraq, bu kimi faciələrin unudulmadığını vurğulayan dərnək rəhbəri bu abidənin hazırlanmasında və məhz Behbud xan Cavanşirin qətlə yetirildiyi ərazidə yerləşdirilməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib.